Filologiya fakültəsində Anım gününə həsr olunmuş tədbir keçirildi
Sentyabrın 26-da Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində Vətən müharibəsi şəhidlərinin anım gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə fakültənin müəllim və tələbələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva bildirdi ki, Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirdi. 44 gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edildi. Ordu ilə bir olan xalq iradə, əzmkarlıq, milli ruh nümayiş etdirərək tarixi ədaləti bərpa etdi. Son 200 il ərzində ilk dəfə olaraq əzəli düşmən üzərində parlaq qələbə əldə edildi.
Sonra Filologiya fakültəsinin müəllimləri, filologiya üzrə fəlsəfə doktorları: Əli Rzazadə, İlahə Vəliyeva çıxış edərək qazanılan Qələbədə Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı, şəhid və qazilərimizin şücaətindən danışdılar. Onların yazdığı şərəfli tarixin gələcək nəsillərə örnək olacağını əminliklə vurğuladılar.
20 il Xüsusi Təyinatlı Qüvvələrin mənsubu olmuş Vətən müharibəsi qazisi Vasif Əzizağa oğlu Məlikov və döyüşlərə könüllü qatılan Faiq Möhübbət oğlu Əhmədov keçdikləri döyüş yolundan, qanlı-qadalı müharibə günlərindən, tarix yazan qəhrəman Ordumuzdan, əsgər və zabitlərimizin Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmindən, əsl döyüş ruhunu bütün dünyaya necə nümayiş etdirdiklərindən danışdılar.
Mətbuat xidməti