Fakültələrdə Anım Günü qeyd edilir
Azərbaycan Respublikası təhsil nazirinin 07 sentyabr 2021-ci il tarixli F-42 nömrəli əmri ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Sumqayıt Dövlət Universitetinin Tədbirlər Planı təsdiq edilmişdir. Bununla əlaqədar olaraq Sumqayıt Dövlət Univeristetində silsilə tədbirlər həyata keçirilir. Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Kimya və biologiya, eləcə də Fizika və elektroenergetika fakültələrində Anım Gününə həsr olunmuş tədbirlər keçirildi.
Əvvəlcə ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Fakültə rəhbərliyi çıxış edərək tədbir iştirakçılarına Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidləri və qazilərinin şücaət və fədakarlığından söhbət açdılar. Xüsusi olaraq vurğuladılar ki, Vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimiz daim qəlblərdə yaşayacaq, onların xatirəsi hər zaman əziz tutulacaqdır. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin!
Tədbirdə Vətən müharibəsinin canlı şahidləri olan qazilərə söz verildi. Qazilərimiz döyüş xatirələrini tələbələrlə bölüşdülər.
Sonra tələbələr Vətən müharibəsi və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdilər.
Mətbuat xidməti