Oktyabrın 3-də Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı birinci kurs tələbələri ilə görüş keçirmişdir.
Təşkilatın sədri Elvin Gülməmmədov çıxışında qeyd etdi ki, bu gün burada bir araya gəlməyimizin səbəbi universitetimizin rektoru, professor Elxan Hüseynovun gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir. Bu da bizdə ruh yüksəkliyi yaradır. Azərbaycan gəncliyi yüksək elmi potensialı ilə nüfuzlu beynəlxalq qurumlarda ölkəmizi layiqincə təmsil edir. Azərbaycanda gənclər siyasətinin formalaşdırılması, yeni inkişaf mərhələsinə qədəm qoyması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşır. Hazırda həyata keçirilməkdə olan “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı bu tədbirlərin məntiqi davamıdır.
Təşkilat haqqında ümumi məlumat verən sədr bildirdi ki, ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən bu təşkilat ümumi maraqlar əsasında birləşmiş, könüllü prinsiplər əsasında tələbələr arasında əlaqə yaradan və tələbələrin ictimai həyatda fəal iştirakını təmin etmək məqsədi ilə təsis olunduğu diqqətə çatdırmışdır.
TGT-nin sədri E.Gülməmmədov öz nitqində gənclər universitetimizin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, hər bir işə yüksək təşəbbüskarlıqla yanaşdıqlarını qeyd etdi.
Təşkilatın sədr müavini Gülnar Əsədova TGT-nin fəaliyyəti haqqında prezentasiya ilə çıxış edərək, təhsil müəssisələrinin sosial həyatında tələbələrin fəaliyyətindən geniş söhbət açmış və tələbələri maraqlandıran sualları cavablandırmışdır. Gələcəkdə keçiriləcək layihələrlə tanış etmiş və həmin layihələrdə fəal olmağa çağırmışdır. Bütün bunlar isə onların gələcək perspektivlərinə öz müsbət təsir göstərəcəyini əminliklə vurğulamışdı.
Mətbuat xidməti