Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun professoru Beynəlxalq Astronavtika Konqresində iştirak etdi
Yerləşdirilmə tarixi : 05 Oktyabr 2022 15:52
SDU-nun professoru Beynəlxalq Astronavtika Konqresində iştirak etdi
Sumqayıt Dövlət Universitetinin Fizika və onun tədrisi metodikası kafedrasının professoru, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Kosmik şüa mənbələrinin fizikası laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Vəli Hüseynov Fransanın Paris şəhərində keçirilmiş 73-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edib.Beynəlxalq Astronavtika Federasiyasının təşkil etdiyi və 90-a yaxın ölkədən 6500-dən artıq nümayəndənin iştirak etdiyi bu konqres Fransa Milli KosmikTədqiqatlar Mərkəzinin ev sahibliyi ilə Paris Konqres Mərkəzində keçirilib.Konqresdə 3500-dən artıq elmi məruzə, o cümlədən 800-dən artıq interaktiv təqdimat dinlənilib.
Professor Vəli Hüseynov konqresdə, “Kosmik relikt neytrino siqnallarının detektə olunmasının mümkünlüyü və relikt neytrino teleskopunun qurulmasına doğru qapı” mövzusunda məruzə edib və elmi olaraq əsaslandırıb ki, Böyük partlayışın birinci saniyəsində baş verən hadisələrin iştirakçısı olmuş və bu günə qədər gəlib çatmış relikt neytrinolar yüz qiqaelektronvolt tərtibli enerjiyə qədər sürətlənən və güclü daxili elektrostatik sahəyə malik olan monokristallardan keçən eninə polyarlaşmış ultrarelyativistik elektronlardan səpilərkən kosmik relikt neytrinoların detektə olunması reallığa çevrilir. Bu elmi nəticə qalaktikamızda bizdən təqribən yüz işıq ili məsafədən və onun hüdudlarını aşan məsafələrdən gələn relikt neytrino siqnallarını detektə etməyə və relikt neytrino teleskopunu qurmağa imkan verir.
Vəli Hüseynov konqresdə interaktiv təqdimatla çıxış etdiyi “Kosmik relikt neytrinoların enerjisinin gücləndirilməsi” adlı ikinci elmi işində olduqca aşağı enerjiyə malik olan kosmik relikt neytrinoların enerjisinin gücləndiyi fiziki şəraiti aşkar etmiş və elmi olaraq sübut edib ki, kosmik relikt neytrinoların enerjisini yüzlərlə qiqaelektronvolta qədər gücləndirmək və kosmik relikt neytrinolardan istifadə etməklə enerjini çox böyük kosmik məsafələrə ötürmək mümkündür. V.Hüseynovun bu elmi təqdimatına konqresin Proqram komitəsi tərəfindən baxılıb və 800-dən artıq elmi işın arasından seçilmiş ən yaxşı 80 iş sırasına daxil edilib.
Qeyd edək ki, Beynəlxalq Astronavtika Federasiyasının növbəti, sayca 74-cü konqresi Azərbaycanda keçiriləcək. Bakı ilk dəfə 1973-cü ildə bu mötəbər konqresə ev sahibliyi edib və 50 ildən sonra qlobal kosmos ictimaiyyəti yenidən ölkəmizə gələcək.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az