Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti iclası keçirildi
Oktyabrın 19-da Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti iclası keçirildi.
Universitetin rektoru professor Elxan Hüseynov iclası açıq elan edərək iştirakçıları salamladı və gündəlikdə olan məsələləri nəzərə çatdırdı.
SDU-ya tələbə qəbulunun proqnozu və regionda olan aparıcı müəssisələrin ehtiyac duyduğu sahələr və ixtisasların təhlili barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov məlumat verdi. O, bildirdi ki, 2022/23-cü tədris ilində universitetdə və universitetin nəzdində SDTK-ya tələbə qəbulunun kifayət qədər yüksək səviyyədə olması regionda və respublikada SDU-nun nüfuzunun daha da artmasını xarakterizə edir. SDU-ya tələbə qəbulunun yüksək səviyyəsini növbəti illərdə də qoruyub-saxlamaq üçün əmək bazarının tələbatını davamlı şəkildə öyrənmək, yeni perspektivli ixtisasların alınması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi kafedra müdirlərinə və fakültə dekanlarına tapşırılıb.
Dosent Natiq Talıbov onu da vurğuladı ki, Sumqayıt şəhərində və regionda yerləşən aparıcı müəssisələrin rəhbərlərinə müraciətlər ünvanlanmış, onların ehtiyac duyduğu ixtisaslar üzrə təhlillər aparılmışdır.
Sonra Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov SDU-da tədris prosesinin gedişi və kollokviumların keçirilməsinə hazırlıq barədə çıxış etdi. Bildirdi ki, keçirilən kollokviumlar tələbələrin imtahanlara hazırlığına köməklik məqsədi daşıyır, onların yazı vərdişlərini təkmilləşdirir və imtahanlara hazırlıq istiqamətində səylərin artırılmasını şərtləndirir. Bu istiqamətdə SDU-da tədris prosesi təsdiq olunmuş cədvəl üzrə səmərəli formada aparılır, bütün akademik qruplarda sərbəst işlərin mövzuları və kollokviumların sualları tələbələrə təqdim olunub.
Faiq Şirinov onu da qeyd etdi ki, açıq dərslərin təşkil olunması fakültə dekanları tərəfindən tərtib olunaraq Tədris Metodik Mərkəzə təqdim olunub və müvafiq struktur nümayəndələrinin cədvəl üzrə dərslərdə iştirakı təmin olunacaq.
İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev Sumqayıt Dövlət Universitetində qış mövsümünə hazırlığın vəziyyəti barədə məlumat verdi. Bildirdi ki, universitetin hər üç korpusunda zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi və rektorluğun növbəti iclası öz işini yekunlaşdırdı.
Mətbuat xidməti