Tələbələrimiz Zooloji Muzeydə ekskursiyada olublar
SDU-nun Kimya və biologiya fakültəsinin Biologiya ixtisasının 358-ci qrup tələbələri baş müəllim, biologiya üzrə fəlsəfə doktoru Aysel Ağayevanın rəhbərliyi ilə AMEA-nın Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeydə ekskursiyada olublar.
Tələbələr Zooloji Muzeyin ekspozisiya fondunda Azərbaycan və dünyanın heyvanlar aləmindən müqəvva, skelet, təpmə, yaş preparatdan ibarət, kolleksiya şəklində hazırlanmış 1703 eksponatla tanış oldular. Eksponatlardan 257-si onurğalı heyvanların müxtəlif siniflərinə aiddir. Yer kürəsinin quru faunsının nəhəngi olan filin, uzun boynu olan zürafənin müqəvvası tələbələri təəccübləndirdi. Muzey bələdçisinin eksponatlar haqqında verdiyi məlumatlar tələbələrin böyük marağına səbəb oldu.
Qeyd edək ki, Zooloji Muzey biomüxtəlifliyin öyrənilməsi, qorunub-saxlanılması və təbliği məqsədilə 1971-ci ildə Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə Zoologiya İnstitutunda yaradılmışdır. Muzeyin əsas fəaliyyət istiqamətləri Azərbaycan və dünya faunasına aid materialların toplanması, mühafizəsi, elmi tədqiqi, təbliği və nümayişidir.
Mətbuat xidməti