Tələbələrimiz Xalq Təhsili Muzeyinə ekskursiya etdilər
Noyabrın 2-də Sumqayıt Dövlət Universitetinin 60 illik yubleyi ərəfəsində Tarix və coğrafiya fakültəsinin Tarix və onun tədrisi metodikası kafedrasının əməkdaşları, həmçinin Tarix müəllimliyi, Tarix və coğrafiya müəllimliyi ixtisaslarında təhsil alan bir qrup tələbə Xalq Təhsil Muzeyinə ekskursiya etdilər.
Muzey bələdçisi məlumat verərək bildirdi ki, Xalq Təhsili Muzeyi 1932-ci ildə yaradılıb. Burada maarifçilər, elm xadimləri, ziyalılar, qabaqcıl müəllimlər, təhsil müəssisələri haqqında sənəd və materiallar, tədris prosesini əks etdirən fotoşəkillər və digər eksponatlar nümayiş olunur. Muzeyin elmi-tarixi əsaslar üzərində qurulan, xronoloji ardıcıllığa riayət edən ekspozisiyası altı salonda yerləşdirilmişdir.
Muzeyin birinci salonunda qədim zamanlardan başlayaraq Azərbaycanda pedaqoji fikir və təhsil tarixini özündə əks etdirən sənəd və materiallar, Azərbaycanda VIII əsrdən XX əsrin 20-ci illərinədək ibtidai məktəb və mədrəsələrdə dərs kitabı kimi istifadə olunmuş XVIII əsrə aid İslam dininin müqəddəs kitabı "Qurani-Kərim" saxlanılmaqdadır. Muzeyin II salonu XIX əsrin sonu, XX əsrin əvvəllərində təhsil, III salon 1918–40-cı illərdə təhsil, IV salon ali və orta ixtisas təhsilinin inkişafı, V salon 1941–45, 1946–80-ci illərdə uşaq evləri, internat-məktəblərin yaranması və inkişafı, ümumtəhsil, texniki peşə məktəblərinin fəaliyyətinə dair sənəd və materialları əhatə edir.
Muzeyin VI salonu müstəqillik illərində Azərbaycanda təhsilin inkişafına həsr olunmuşdur. Salonda xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı naminə fəaliyyətini əks etdirən "Heydər Əliyev və təhsil", Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsində genişmiqyaslı fəaliyyətini və Heydər Əliyev Fondunun təhsilə göstərdiyi qayğını təcəssüm etdirən materiallar nümayiş etdirilir.
Muzeyin Azərbaycanın zəngin təhsil və maarif tarixinə dair bütün salonlarındakı ekspozisiyalar müəllim-tələbə heyəti tərəfindən böyük maraqla izlənildi.
Ekskursiya zamanı tələbələri maraqlandıran suallar cavablandırıldı.
Mətbuat xidməti