Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Heydər Əliyev məktəbinin Zəfər Gününə həsr olunmuş genişləndirilmiş məşğələsi keçirildi
Yerləşdirilmə tarixi : 04 Noyabr 2022 15:52
SDU-da Heydər Əliyev məktəbinin Zəfər Gününə həsr olunmuş genişləndirilmiş məşğələsi keçirildi
Noyabrın 4-də Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında Heydər Əliyev məktəbinin “Heydər Əliyevin uzaqgörən siyasəti 44 günlük şanlı qələbəmizin təməlidir” mövzusunda genişləndirilmiş məşğələsi keçirildi.
Sumqayıt Dövlət Universitetinin rəhbərliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi general-mayor Natiq Qarayev əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Sonra şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətindəki xatirə abidəsini ziyarət etdilər və abidə önünə gül dəstələri düzdülər.
Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra 8 Noyabr ‒ Zəfər Günü münasibətilə təşkil olunmuş tələbələrin əl işləri və rəsm əsərlərindən ibarət müsabiqə-sərgiyə baxış keçirildi.
Böyük Akt zalında davam edən tədbirdə universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycanın dövlətçilik tarixindəki və dünyanın hərb tarixindəki mövqeyindən, Ulu öndərin uzaqgörən ordu quruculuğu siyasətindən və bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin  məntiqi nəticəsi olan Şanlı Zəfərin tarixindən danışdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 noyabrın Azərbaycanda Zəfər Günü kimi təsis edilməsini ölkəmizin həyatında yeni mərhələnin, inkişafa, intibaha, aydın sabahlara aparan böyük yolun başlanğıcı olduğunu vurğuladı. Qeyd etdi ki, bu gün böyük qürur və fəxr hissi ilə söyləyirik ki, möhkəm təməlləri xalqımızın xilaskarı, Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Müstəqil Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti, müdrik qərarları sayəsində qüdrətli bir dövlətə çevrilib. Qüdrətli dövlətimiz, müzəffər xalqımız tariximizin heç bir mərhələsində görünməyən uğura imza atdı. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, mahir sərkərdəlik bacarığı, şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində 2020-ci  ilin 27 sentyabrından zəfər salnaməmizin ən şanlı, parlaq səhifələri yazıldı.
Xalqımızı Zəfər bayramı münasibətilə təbrik edən rektor məruzə üçün sözü Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi general-mayor Natiq Qarayevə verdi.
General-mayor Natiq Qarayev “Zəfər tarixi ölkəmizin ərazi bütövlüyünü bərpa etdi” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Düşmənin fitnəkar təxribatlarına, kütləvi vandalizminə baxmayaraq, Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Ağcabədi, Bərdə, Yevlax, Beyləqan rayonlarının, Gəncə və Mingəçevir şəhərlərinin sakinləri sonadək yüksək vətənpərvərlik, iradə və əzm nümayiş etdirdilər. 44 günlük müharibə Azərbaycanın milli birliyini, həmrəyliyini, nə qədər vətənpərvər, böyük xalq olduğunu bir daha sübuta yetirdi. Bütün dünyaya məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızın iradəsini sındırmayıb, onun inam və əzmini sarsıtmayıb. Bu gün “Qarabağ Azərbaycandır və nida” şüarı Azərbaycanın qələbəsinin rəmzi ifadəsinə çevrilib.
Daha sonra Zəfər Günü ilə bağlı videoçarx nümayiş olundu.
Elm və innovasiyalar üzrə prorektor, Əməkdar müəllim, professor Ramazan Məmmədov “Dəmir yumruq” – güc və həmrəyliyin Zəfər rəmzi”, Tarix və coğrafiya fakültəsinin dekan müavini dosent Osman Hacıyev “44 günlük qələbəmizin əldə olunmasında hərbi sənayenin rolu”, Mühəndislik fakültəsinin III kurs tələbəsi Məhbubə Məmmədova “Milli mənsubiyyətimizin rəmzi olan bayrağımızın tarixi” mövzularında çıxış edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sarsılmaz birliyi və əsgərlərimizin qəhrəmanlığı sayəsində əldə etdiyimiz Zəfərə gedən yoldan, ordumuzun hərbi hazırlığından, əsgərlərimizin şücaətindən, döyüşlərdən böyük qürurla bəhs etdilər. Qeyd etdilər ki, Prezident cənab İlham Əliyevin müharibənin gedişində xalqımıza müraciətləri və xarici media nümayəndələrinə verdiyi müsahibələr, vətəndaşlarımızın sosial şəbəkələrdə aktivliyi, eləcə də alimlərimizin beynəlxalq konfranslarda Ermənistanın təcavüzünü dilə gətirmələri, mətbuatda məqalələrlə çıxış etmələri nəticəsində Azərbaycan nəinki hərb meydanında, o cümlədən informasiya müharibəsində düşmənə qalib gəldi.
Tədbir ədəbi-bədii proqramla yekunlaşdı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az