Oktyabr ayının 15-də Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar və Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə fakültələrarası “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı təşkil olundu.
Tələbə Həmkarlar Təşkilatının sədri Nemət İbayev bu cür tədbirlərin əhəmiyyətindən söz açaraq bildirdi ki, yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir. Hər bir ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq, gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və kreativ qüvvəyə çevrilməsindən asılı olduğunu qeyd etdi. Bu cür intellektual bilik yarışının mütəmadi olaraq keçiriləcəyini diqqətə çatdırdı.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda 7 fakültənin komandası olmaqla, 42 tələbə mübarizə apardı. 3 turdan ibarət olan yarışda Filologiya fakültəsinin “Naturalistlət” komandası qalib gəldi. Tarix və coğrafiya fakültəsinin “Abliviyon” komandası II yerə, Mühəndislik fakültəsinin “Access” komandası III yerə çıxdılar. Qalib komanda kubokla, II və III yerləri bölüşən komanda isə hədiyyələrlə mükafatlandırıldı.
Komandaların fəallığı gənclərimizin yüksək intellektə və biliyə sahib olduqlarından xəbər verir. Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu vardır.
Mətbuat xidməti