SDU-nun kollektivi Sumqayıt Dövlət Dram Teatrında “Missiya” tamaşasını izlədi
Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən xalqımızın qüdrətinə və milli qürurunun təntənəsinə çevrilən misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Zəfər Günü ölkə səviyyəsində təntənəli şəkildə qeyd olundu. Zəfər Günü ilə əlaqədar Sumqayıt Dövlət Universitetində də bir sıra silsilə tədbirlər, konfranslar, dəyirmi masalar keçirildi. Həmçinin universitet kollektivi Sumqayıtda 8 Noyabr ‒ Zəfər Günü ilə bağlı təşkil olunmuş şəhər tədirində iştirak etdi. Noyabrın 10-da isə kollektiv Sumqayıt Dövlət Dram Teatrında Zəfər Günü münasibətilə təşkil olunmuş "Missiya" tamaşasını izlədi.
İdeya müəllifi və layihə rəhbəri Əməkdar artist Mübariz Həmidov, müəllifi Hafiz Ataxanlı olan tamaşanın əsas süjet xəttini Şuşa fatehlərindən olan Xüsusi Təyinatlı Dəstənin zabiti Mübariz Eyvazovun komaya düşməsi və ruhlar aləmində 1992-ci ildə Şuşa ətrafında ş əhid olmuş atası ilə görüşməsi təşkil edir. Zabit komadan ayılarkən Ali Baş Komandan cənab İlham Əliyevin "Əziz Şuşa, sən azadsan!" səsini və küçədəki sevinc nidalarını eşidir.
Qeyd edək ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuzun qazandığı Böyük Zəfərdən bəhs edən tamaşada teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov qəhrəmanlıq dramının özündə mücadilə tarixini, cəsarət və hünər epoxasını dolğun əks etdirmişdir. Tamaşada müqəddəs Vətən müharibəsində qazanılan Zəfər sayəsində Xocalı faciəsinin, şəhidlərin qisasının alındığı əks olunur.
Xalq artisti, quruluşçu rejissor Firudin Məhərrəmovun və quruluşçu rəssam Elşən Sərxanoğlunun hazırladığı "Missiya" qəhrəmanlıq dramı izləyicilərin böyük marağına və gurultulu alqışlarına səbəb oldu.
Mətbuat xidməti