Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir
Yerləşdirilmə tarixi : 16 Oktyabr 2015 11:22
Dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir

Oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi dördüncü ildönümü tamam oldu. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı. İyirmi dörd illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir. Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir.
Riyaziyyat fakültəsində  bu möhtəşəm gün münasibətilə tədbir keçirildi. Fakültənin dekanı,dosent Zəfər Hüseynov Müstəqillik günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Çıxışında daxili sabitliyin bərqərar olması, dövlətçilik ənənələrinin yaradılması, demokratik-hüquqi islahatların həyata keçirilməsi, ölkəmizin zəngin təbii ehtiyatlarından Azərbaycanın maraqlarına uyğun istifadə edilməsi, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər respublikamızın müstəqilliyinin dönməzliyinin, əbədiliyinin etibarlı əsaslara malik olmasının nəticəsi olduğunu qeyd etdi.
Tarix və coğrafiya fakültəsinin dosenti Elmar Xəlilov tələbələrin diqqətinə çatdırdı ki, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlayan növbədənkənar sessiyası 4 gün müzakirələr apardı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd -Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Konstitusiya Aktında göstərildi ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil,32 maddədən ibarətdir. Müstəqil dövlətimizin yaranmasında ən böyük zəhməti isə məhz ulu öndər Heydər Əliyev çəkib. Bugünkü azad və suveren respublikamızın memarının siyasi müdrikliyi və qətiyyəti sayəsində ölkədə vətəndaş həmrəyliyi bərqərar oldu, əmin-amanlıq və sabitlik bərpa edildi.
Riyaziyyat fakültəsinin dekan müavini Məhəmmədəli Məmmədov, II kurs tələbəsi Sevinc Həsənli,Leyla Hüseynova və başqaları çıxış edərək bu gün hər bir azərbaycanlının azad ölkənin vətəndaşı olmağı ilə fəxr etdiyini söylədilər.
Tədbirdə ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş olundu.Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olmuş tələbələrə partiya biletləri təqdim olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az