Tələbələrimiz “Biz bir ailəyik − biz qalibik” adlı intellektual yarışda II yerə layiq görüldülər
1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nün “Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü” kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. Məhz bu günün əlilliyi olan şəxslərlə birlikdə təntənəli şəkildə qeyd olunması, həmçinin onlar arasında münasibətin daha da genişləndirilməsi və birlik ruhunun aşılanması üçün “Biz bir ailəyik” Əlilliyi Olana Şəxslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 3 Dekabr − Beynəlxalq Əlillər Gününə həsr edilmiş "Biz bir ailəyik − Biz qalibik" adlı tədbir keçirildi.
Tədbirdə sağlamlıq imkanları məhdud şəxslərlə görüş keçirildi, onlara göstərilən dövlət qayğısından söhbət açıldı. Daha sonra tədbir bədii hissə ilə davam etdirildi.
Sonra "Biz bir ailəyik − biz qalibik" adlı intellektual yarışa start verildi. İntellektual oyun 6 universitetin tələbələri və digər təşkilatların - əsasən əlillik sahəsinə yaxın təşkilatlar və eyni zamanda əlilliyi olan şəxslərin komandaları arasında keçirildi.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin komandası bu yarışda II yerə layiq görülərək medal və diplomlarla təltif edildi.
Mətbuat xidməti