SDU-nun Elmi kitabxanasında növbəti kitab təqdimatı keçirildi
Noyabrın 29-da Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasında Kimya və biologiya fakültəsinin professor-müəllim heyətinin son illərdə nəşr olunmuş metodik dərs vəsaitlərinin təqdimatı və sərgisi keçirildi.
Tədbirdə fakültənin professor-müəllim və tələbə heyəti iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Elmi kitabxananın müdiri Nailə Əmrahova açaraq, təqdimatın əhəmiyyətindən söz açdı və bildirdi ki, zəngin və müasir standartlara cavab verən, beynəlxalq təcrübəyə əsaslanan Elmi kitabxanamız ən son material və texnoloji vasitələrlə təmin olunub ki, bu da tələbələrin təhsil, tədqiqat və elm sahəsində inkişafına kömək edir.
Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov çıxış edərək nəşr olunan dərs vəsaitlərinin aktuallığından bəhs etdi və müəllifləri təbrik edərək yaradılan şəraitə görə universitetin rektoru professor Elxan Hüseynova təşəkkürünü bildirdi. Ölkədə kimya və biologiya ixtisaslarında tədrisin hazırkı durumu, problemləri və üstünlükləri barədə danışaraq bu istiqamətdə fakültədə aparılan işlərdən söz açdı və bildirdi ki, hazırda ölkəmizdə kimya elmi çox dinamik və sürətlə inkişaf edir. Kimya və biologiya ixtisasları üzrə təhsil alan bakalavr, magistr və doktorantlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri bu sahələr üzrə günün tələblərinə cavab verir.
Fakültənin Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri professor Əkbər Ağayev, Kimya və onun tədrisi metodikası kafedrasının müdiri dosent Musa Musayev, Biologiya və onun tədrisi metodikası kafedrasının müdiri dosent Arzu Baxşəliyev, Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının müdiri Tahir Xəlilov və digər müəlliflər çıxış edərək nəşr etdikləri metodik vəsaitlər haqqında məlumat verdilər. Bildirdilər ki, Azərbaycanda kimya sahəsi milli elmi istiqamətlər içərisində ən qədimidir. Dərs vəsaitində ümumi kimyanın əsas tərkib hissələri nəzərdən keçirilir. Kimyəvi maddələrin alınma üsulları, quruluşu, fiziki-kimyəvi xassələrinin üsulları izah edilir. Kitab elmi işçilər, doktorant, magistrant və tələbələr üçün nəzərdə tutulmuşdur.
SDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Nemət İbayev son illərdə işıq üzü görən nəşrlərdən söz açdı, onların əhəmiyyətindən danışaraq əsas məqsədin Elmi kitabxananın fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasında və innovativ yeniliklərin tətbiqindəki rolundan bəhs etdi.
Çıxışlardan sonra müəllim və tələbə heyəti nəşrlərlə tanış oldu, müəlliflərlə fikir mübadiləsi aparıldı.
Mətbuat xidməti