SDU-da Elmi Şuranın növbəti iclası keçirildi
Noyabrın 30-da Sumqayıt Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirildi. Universitetin rektoru professor Elxan Hüseynov iclası açıq elan edərək şura üzvlərini salamladı və gündəlikdə olan məsələləri diqqətə çatdırdı.
SDU-nun magistrant, doktorant və dissertantlarının attestasiyalarının nəticələri barədə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov məlumat verdi. Bildirdi ki, elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə çalışan doktorantların dissertasiya işlərinin fərdi plan üzrə yerinə yetirilməsinin diqqət mərkəzində saxlanılması, zərurət yarandıqda kafedra iclasında müzakirə olunması fakültə dekanlarına, kafedra müdirlərinə və doktorantların elmi rəhbərlərinə (elmi məsləhətçilərinə), həmçinin magistrant, doktorant və dissertantların attestasiyalarının keçirilməsində tələbkarlığın daha da artırılmasının fakültə dekanlarına və kafedra müdirlərinə tapşırıldığını diqqətə çatdırdı.
2023-cü ildə SDU-da keçiriləcək respublika və beynəlxalq səviyyəli elmi konfransların planının müzakirəsi barədə Elmi hissənin müdiri dosent Samir Orucov çıxış etdi.
SDU-da tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsinin daha da təkmilləşdirilməsi haqqında Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov çıxış edərək bildirdi ki, SDU-nun Heydər Əliyev Mərkəzində tələbə-gənclərin iştirakı ilə müntəzəm olaraq keçirilən Heydər Əliyev məktəbinin məşğələləri tələbələrimizin vətənpərvəlik ruhunda tərbiyəsinə müstəsna təsir göstərir.
Tələbə-gənclərin vətənpərvəlik hisslərini daim yüksək səviyyədə saxlamaq məqəsədilə vətənpərvərlik mövzusuna həsr olunmuş bədii və sənədli filmlərin nümayişi, Azərbaycan Respublikasının Milli Qəhrəmanları və Vətən müharibəsinin digər iştirakçıları ilə görüşlərin keçirilməsi, həmçinin Bakı və Sumqayıt şəhərlərində Şəhidlər xiyabanının və Hərbi Qənimətlər Parkının mütəmadi ziyarət olunmasının bundan sonra da davam etdirilməsi tövsiyə olundu.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən SDU-da 17 aprel 2023-cü il tarixindən keçiriləcək akkreditasiyaya hazırlıq barədə Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli (KQ-05 nömrəli) Qərarı ilə təsdiq olunmuş “Ali Təhsil müəssisəsinin institusional və proqram akkreditasiya Meyarları”na uyğun olaraq, SDU-da 17 aprel 2023-cü il tarixindən akkreditasiya keçirilməsi nəzərdə tutulmuşdur.
İclasda akkreditasiyanın keçirilməsi ilə əlaqədar özünütəhlil hesabatının hazırlanması üçün Təşkilat komissiyasının yaradılması məqsədilə 37 nəfərdən ibarət tərkib təsdiq edildi.
Elmi katib professor Muxtar Səmədov Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının dissertantı Balakişi İskəndərovun dissertasiya işinə elmi rəhbərin təsdiq edilməsi, Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi və Elmi adların verilməsi barədə məlumat verdi.
Sonra Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının dissertantı Balakişi İskəndərovun dissertasiya işinə elmi rəhbər filologiya elmləri doktoru, professor Rafiq Əliyev təsdiq olundu.
Qeyd olundu ki, Elmi Şuraya 1 monoqrafiya, 3 dərs vəsaiti, 2 fənn proqramı daxil olub. Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.
Sonra Elmi adların verilməsi ilə əlaqədar Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru Şəfa Əliyevə elmi-pedaqoji fəaliyyətə görə professor elmi adı verilməsinə dair AAK qarşısında vəsatət qaldırılması məsələsi müzakirə olundu. Aparılan müzakirələrdən sonra gizli səsvermənin nəticəsinə əsasən Şəfa Əliyevə professor elmi adı verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması qərara alındı.
Mətbuat xidməti