Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı tədbir keçirildi
Yerləşdirilmə tarixi : 05 Dekabr 2022 16:08
SDU-da İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı tədbir keçirildi
Dekabrın 5-də Sumqayıt Dövlət Universitetində İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə universitetin Elm və innovasiyalar üzrə  prorektoru professor Ramazan Məmmədov açaraq qonaqları və iştirakçıları salamladı, tədbirin Prezident cənab İlham Əliyevin 29 dekabr 2021–ci il tarixli Sərəncamını rəhbər tutaraq təşkil olunduğunu, milli yaddaşın bərpası baxımından mühüm əhəmiyyət kəsb etdiyini, İrəvan xanlığı ərazisində yaratdığımız tarixi irsə sahib çıxdığımızı bildirdi. İrəvan Müəllimlər Seminariyasının təhsilin inkişafına, elmi, ədəbi və mədəni mühitin zənginləşməsinə verdiyi əvəzsiz töhfələrdən danışdı. Qeyd etdi ki, milli müəllim kadrları hazırlayan seminariyanın yubileyinin dövlət başçısının müvafiq Sərəncamına əsasən respublika səviyyəsində qeyd edilməsi mühüm tarixi-siyasi əhəmiyyət daşıyır. İrəvan Müəllimlər Seminariyasının məzunları Cənubi Qafqazda milli maarifçiliyin inkişaf etdirilməsi istiqamətində çox böyük rol oynamışlar. Onlar azərbaycanlılar yaşayan bölgələrdə yeni məktəblərin açılmasında, azərbaycanlı balalarının təhsilə cəlb edilməsində fəal iştirak edərək İrəvanda, Naxçıvanda, Azərbaycanın müxtəlif bölgələrində milli intibah istiqamətində böyük fədakarlıq göstərirdilər.
ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı  pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov “İrəvan Müəllimlər Seminariyasının Qərbi Azərbaycanda milli maarifçiliyin inkişafında rolu” mövzusunda çıxış edərək hazırladığı “İrəvan Müəllimlər Seminariyası və onun məzunları” kitabı haqqında geniş məlumat verdi. Bildirdi ki, bu kitabı məhz Prezident cənab  İlham Əliyevin Sərəncamından və onun elmə-təhsilə yüksək qayğısından ilham alaraq alim-vətəndaş borcunu yerinə yetirmək amalı ilə ərsəyə gətirdiyini vurğulayaraq, bu cür tədqiqatların bütöv Azərbaycan ideologiyasının elmi-obyektiv bazasının genişləndirilməsində çox vacib olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, seminariya Azərbaycan tarixində müstəsna rolu olan görkəmli şəxsiyyətlər yetişdirib və Azərbaycanın qərb bölgəsinin təhsilinin, mədəniyyətinin, pedaqoji fikrinin inkişafında mühüm rol oynayıb.
BDU-nun Pedaqogika kafedrasının professoru, pedaqoji elmlər doktoru Hikmət Əlizadə “İrəvan Müəllimlər Seminariyasının yarandığı tarixi şərait və bağlanma səbəbləri”, ADPU-nun Məktəbəqədər təhsil kafedrasının müdiri pedaqoji elmlər doktoru, professor Müseyib İlyasov “İrəvan Müəllimlər Seminariyasının tədqiqi tarixi”  mövzularında məruzə ilə  çıxış edərək, İrəvan Müəllimlər Seminariyasının yaranma tarixi, seminariyada dərslərin təşkili, milli təhsil tariximizdə yeri və əhəmiyyəti, seminariyanın müəllimləri, məzunları haqqında məlumat verdilər. Bu təhsil ocağının sonrakı pedaqoqların yetişməsindəki rolundan bəhs edərək bildirdilər ki, Azərbaycanda maarifçilik ənənələrinin formalaşmasında İrəvan və Qori Müəllimlər Seminariyası böyük rola malikdir.
SDU-nun Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov İrəvan Müəllimlər Seminariyasının yaranma tarixindən söz açdılar və qeyd etdilər ki, İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az