Oktyabrın 20-də Heydər Əliyev Mərkəzində Tarix və coğrafiya fakültəsi, universitetimizin Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda mühazirə keçirdi.
Tədbirdə rektor Elxan Hüseynov bildirdi ki, ümummilli liderin ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Ulu öndərimiz həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmiş, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişinin qayğısına qalmışdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. İstər müasir tələbata uyğun elmi kadrların hazırlanmasında, istər Azərbaycan Respublikasının beynəlxalq aləmə və qlobal mühitə sürətlə inteqrasiya etməsində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə reallaşan tədbir və islahatların rolu danılmazdır. Hələ ötən əsrin 70–80–ci illərində keçmiş Sovet İttifaqının 170–dən artıq məşhur ali məktəbində 15 mindən artıq azərbaycanlı gənc təhsil almış, onlar yüksək ixtisaslı mütəxəssislər kimi hazırda ölkəmizdə və onun hüdudlarından kənarlarda çalışırlar. Sevindirci haldır ki, Prezident cənab İlham Əliyev milli quruculuq sahəsində böyük şəxsiyyət Heydər Əliyevin işləyib hazırladığı strateji xətti uğurla davam etdirir, Azərbaycanın davamlı inkişafına yönəlmiş proqram və layihələrin həyata keçirilməsini təmin edir.
Professor qeyd etdi ki, universitetimizdə tələbələrin bilik səviyyəsini, tədrisin stimulunu artırmaq üçün mühüm addımlar atılır. Tələbə Elmi Cəmiyyətinin yaradılması tələbələrlə qarşılıqlı iş qurulmasına bariz nümunədir. Ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılmasında mühüm rolu olan TEC-in üzvlərindən olan 3 tələbəmiz Rusiya Federasiyasının Voronej şəhərində keçiriləcək konfransda öz elmi işləri ilə çıxış edəcəklər. Azərbaycanda universitetlər arasında ilk nəşr olan Seminar Materialları Toplusu da TEC-in uğurlu fəaliyyətinin nəticəsidir.
Rektor Elxan Hüseynov onu da diqqətə çatdırdı ki, bu gün universitetimizdə dünya əmək bazarına çıxa biləcək kadr hazırlamaq üçün yüksək tələblərə cavab verən və Avropa təhsil sisteminin standartlarına uyğun gələn maddi-texniki baza yaradılıb. Tədrisin keyfiyyətinin yüksək səviyyəsini təmin etmək məqsədilə auditoriyalarda proyektorlar quraşdırılıb, elektron lövhələr yerləşdirilib. Sürətli internet şəbəkəsinə qoşulma imkanı tələbə və müəllimlərin tədrisin prosesində yeni texnologiyalarla təhsil almasına şərait yaradır. Tələbələrimiz zəngin, müasir səviyyədə qurulmuş kitabxanadan, o cümlədən professor-müəllim heyətinin kitablarının, mühazirələrinin əks olunduğu elektron kitabxanadan rahatlıqla istifadə edirlər. Mən əminliklə deyə bilərəm ki, bu gün universitetimiz Ulu öndərin görmək istədiyi təhsil ocağıdır. Belə tədbirlərin keçirilməsi gənclərin həyatında, dünyagörüşünün formalaşmasında mühüm rola malikdir.
Tədbirdə rektor Ümummili liderlə bağlı dəyərli xatirələrini bölüşdü: “Türkmənistanda fövqəladə və səlahiyyətli səfir işlədiyim dövrdə Ulu öndərlə tez-tez görüşürdüm və bu görüşlərdə onun heyrətamiz tövsiyyələrindən bəhrələnirdim. Onun dəyərli fikirləri mənim qarşımda mühüm amala çevrilirdi” kəlamı tələbələrin marağına səbəb oldu. Professor gənc tələbələri dünya dövlətləri ilə yanaşı addımlamaq üçün Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşməyə səslədi və ölkəmizin inkişafına öz töhfəsini verən Yeni Azərbaycan Partiyasının üzvlük biletlərini təqdim etdi.
Mühazirədə Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov, müəllimi Şəhla Əhmədova, Qədim dünya və orta əsrlər tarixi kafedrasının dosenti Xoşqədəm İslamova ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan söz açdılar.
Mətbuat xidməti