Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Elmi kitabxanasında kitab müzakirəsi aparıldı
Yerləşdirilmə tarixi : 07 Dekabr 2022 14:15
SDU-nun Elmi kitabxanasında kitab müzakirəsi aparıldı
Dekabrın 7-də Sumqayıt Dövlət Universitetində Elmi kitabxananın, TEC və THİK-nin birgə təşkil etdiyi oxunması zəruri olan kitabların müzakirəsi aparıldı.
Tədbirdə 3 kitab: Gi De Mopassanın “Gonbul”, Prosper Merimenin “Karmen”, İlyas Əfəndiyevin “Körpüsalanlar” əsərləri üzərində şəxsiyyət və ləyaqət problemi müzakirə olundu.
Elmi kitabxananın müdiri Nailə Əmrahova çıxış edərək bildirdi ki, kitab müxtəlif insanların düşüncələrini vəhdət halında birləşdirən və onların arasında sıx ünsiyyət yaradan mənəvi körpüdür. Bu gün cəmiyyətdə insan amilinin formalaşmasında, fərdin şəxsiyyətə çevrilməsində mədəniyyətin ayrılmaz tərkib hissəsi olan kitab və kitabxanaların rolu böyükdür. Çünki kitabxanalar milli mədəni sərvətlərin qorunub-saxlanılmasında və gələcək nəsillərə ötürülməsində, insanların təfəkkür səviyyəsinin formalaşmasında, elmli, intellektli gənc nəslin yetişməsində böyük rol oynayır. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanası ən zəngin fonda, oxucu kontingentinə malikdir.
Nailə Əmrahova  onu da bildirdi ki, kitab müzakirəsi ilə bağlı tədbirin təşkil olunmasında  məqsəd  həm Azərbaycan, həm də dünya ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rolu olmuş böyük yazıçı, dramaturq, ictimai xadimlərin zəngin yaradıcılığını gənclərin daha dərindən öyrənməsi və təhlil etməsi, onların bilik dairəsinin inkişaf etdirilməsi, nitq və tədqiqat bacarıqlarının aşkara çıxarılmasından ibarətdir.
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi Afiqə Alıyeva, Elmi kitabxananın əməkdaşı Sevinc Məmmədova, SDU üzrə Tələbə Elmi Cəmiyyətinin sədri Şəfa İsayeva, fakültə üzrə sədri Solmaz Bəhramzadə,  Tələbə Həmkarlar İttifaqı Komitəsinin fakültə üzrə sədri Ləman Xudiyeva çıxış edərək bildirdilər ki, kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərəcək ideoloji mənbələr rolunu oynayır, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünü zənginləşdirir, dövlətə, dövlətçiliyə, vətənə, xalqa bağlılıq hisslərini aşılayır.
Sonda müzakirələrdə yaxından iştirak edən tələbələri  maraqlandıran suallar cavablandırıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az