SDU-da “Şuşa İli”nə həsr olunmuş V debat-natiqlik turnirinə start verildi
Dekabrın 10-da Sumqayıt Dövlət Universitetində SDU-nun Tələbə Gənclər Təşkilatı və Debat klubunun təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Dövlətlərarası münasibətlərin tənzimlənməsində təşkilatlar mühüm rol oynayır” mövzusunda beşinci debat-natiqlik turniri keçirildi.
SDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Tayfun Hacılı iştirakçıları salamlayaraq debat oyunlarının əhəmiyyətindən, debatın gənclərin inkişafındakı rolundan bəhs edərək komandalara uğurlar arzuladı. Bildirdi ki, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan olunması çox mütərəqqi bir addımdır. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər, sərgilər və idman spartakiadası keçirildi.
SDU-nun “Debat klubu”nun sədri Anar Qurbanov turnir haqqında məlumat verərək qeyd etdi ki, “Dövlətlərarası münasibətlərin tənzimlənməsində təşkilatlar mühüm rol oynayır” mövzusunda keçirilən turnirin əsas məqsədi xüsusi əhəmiyyət daşıyan mövzunun gənclər tərəfindən debat və natiqlik bacarıqları vasitəsilə araşdırılması, məlumatlılığın artırılması, müxtəlif mövqelərdən təhlil olunması və əsaslandırılmasıdır.
Yarışı universitetimizin tələbələrindən ibarət hakimlərlə yanaşı, Debat Vətəndaş Cəmiyyətinin hakimləri idarə edirdilər.
Final mərhələsində Tarix və coğrafiya fakültəsinin “İstiqlal”, Filologiya fakültəsinin “Daşaltı” komandaları qarşılaşdılar.
Qeyd edək ki, Debat Forumunda 26 komanda iştirak edirdi. Qalib komanda növbəti həftə müəyyən olunacaq.
Mətbuat xidməti