SDU-da “Ulu öndər Heydər Əliyev irsi-milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirildi
Xalqımız 12 dekabr tarixini Ulu öndər Heydər Əliyevin Anım Günü kimi böyük minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Bu münasibətlə dekabrın 12-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində Ulu öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş “Ulu öndər Heydər Əliyev irsi-milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransdan öncə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov və universitetin professor-müəllim heyəti ümummilli lider Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Konfransı universitetin rektoru professor Elxan Hüseynov açaraq iştirakçıları salamladı, Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışdı. Bildirdi ki, bütün ömrünü respublikamızın inkişafı üçün sərf edən, müasir Azərbaycanı həmişə güclü görmək istəyən Ulu öndərin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması bizə imkan verəcək ki, onun həyat və fəaliyyətini daha geniş formada öyrənək və bu irsi gənc nəslə çatdıraq. Çünki Heydər Əliyevin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir. Daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Ulu öndərin Anım Gününü qeyd etdiyimiz bu günlər tarixi günlərdir. Azərbaycan xalqı bundan sonra da, tarix var olduqca bizə müstəqillik, azadlıq hissini yaşadan, azərbaycançılıq məfkurəsinin banisi olan Ulu öndər Heydər Əliyevi unutmayacaq və onun siyasi kursunun layiqli davamçısı, dəmir iradəli Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək güclü Azərbaycan naminə daha da inamla mübarizə aparacaqdır.
Elm və innovasiyalar üzrə prorektor, Əməkdar müəllim, professor Ramazan Məmmədov “Tarixi şəxsiyyət və tarixi yaradan şəxsiyyət – Heydər Əliyev”, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva “Heydər Əliyev və Azərbaycanda iqtisadi dirçəliş”, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova “Heydər Əliyev milli həmrəyliyimizin banisidir”,Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Samir Məhərrəmov “Azərbaycan Respublikasının iqtisadi-siyasi inkişafı, milli demokratik dəyərlərin daha da möhkəmləndirilməsi Prezident İlham Əliyevin hakimiyyəti dövründə”, Filologiya fakültəsinin III kurs tələbəsi Günel Əliyeva “Heydər Əliyev fondu vətənə, xalqa, dövlətə xidmət nümunəsidir” mövzularında çıxış edərək Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Ulu öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açdılar. Qeyd etdilər ki, Ulu öndər Heydər Əliyevin uca zirvəyə qaldırdığı müasir Azərbaycan bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla inkişaf edir. Cənab İlham Əliyev Ulu öndərin siyasətini davam etdirməklə güclü Azərbaycanı dünyada lider ölkələrdən birinə çevirib. Müstəqil respublikamız ümummilli liderin indiki və gələcək nəsillərə əmanətidir.
Mətbuat xidməti