Oktyabrın 27-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu ilə birgə “Energetikanın müasir elmi-texniki və tətbiqi problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başladı.
Öncə qonaqlar universitetin rektoru Elxan Hüseynovla dəyirmi masa ətrafında elmin, təhsilin inkişafına dair birgə əməkdaşlığın qarşılıqlı faydaları və perspektivləri barədə fikir mübadiləsi apardılar.
Sonra SDU-nun rəhbərliyi, professor-müəllim heyəti və xarici ölkələri təmsil edən nümayəndələr universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini dərin ehtiramla yad etdilər.
Universitetin Akt zalında davam edən konfransın plenar iclasında rektor Elxan Hüseynov tədbir iştirakçılarını salamladı və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayevi, İrkutsk şəhərinin L.A.Melentyev adına Energetik Sistemlər İnstitutunun direktor müavini Sergey Senderovu və aparıcı elmi işçisi Viktor Kupbackini, Zaporojye Dövlət Mühəndislik Akademiyasının Elektron sistemləri kafedrasının müdiri, professor Tatyana Kritskayanı, Pskov Dövlət Universitetinin dosenti, texniki elmlər namizədi İvan Bandurin, həmçinin respublikamızın bir sıra universitetlərindən, elmi-tədqiqat institutlarından dəvət olunmuş dəyərli alimlərimizi konfrans iştirakçılarına təqdim etdi.
Professor Elxan Hüseynov bildirdi ki, yüksək dinamizmlə inkişaf edən Azərbaycan imza atdığı yeni və möhtəşəm nailiyyətlər sayəsində getdikcə daha qüdrətli dövlətə çevrilib. Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir
Ölkəmizin elektroenergetikasının inkişafına nəzər salan rektor qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanmışdı. Ulu öndərin şah əsəri olan «Əsrin müqaviləsi», Xəzərin zəngin neft və qaz ehtiyatlarından istifadə edilməsi üzrə digər müqavilələrdə nəzərdə tutulan tədbirlərin icrası hesabına ölkəmizin elektrik enerjisi sistemi respublikanın bütün ərazisini əhatə etmişdir. Ümummilli liderin uzaqgörənliklə müəyyənləşdirdiyi mükəmməl strateji xəttin uğurla həyata keçirilməsi və hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcılıqla davam etdirilməsi ölkəmizi regionun aparıcı dövlətinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamları Energetikanın müasir inkişaf mərhələsində yeni eranın başlanğıcı oldu.Bu da öz növbəsində iqtisadi baxımdan səmərəli və dinamik inkişaf edən, ekoloji standartlara uyğun, qabaqcıl texnologiyalarla və yüksək ixtisaslı kadrlarla təchiz olunmuş yanacaq-energetika kompleksinin formalaşdırılmasını və modernləşdirilməsini tələb edir. Bu təlabata uyğun olaraq universitetimiz 1962-ci ildə iki ixtisas üzrə energetika mütəxəssisi hazırlığına başlamış, hal-hazırda energetika ixtisaslarına qəbulun həcmi təxminən 2 dəfə artırılmışdır. “Azərbaycan üçün mühəndis təhsilində tədrisin Bolonya prosesinə uyğunlaşdırılması” mövzusunda Avropa Komissiyasının TEMPUS layihəsi çərçivəsində universitetimizin 3 ixtisası bakalavr təhsili üzrə Proseslərin avtomatlaşdırılması mühəndisliyi, elektroenergetika mühəndisliyi və magistr təhsili üzrə kimya sənayesində enerji menecmenti ixtisasları Avropa Akkreditasiya Agentliyinin (ASİİN) sertifikatına layiq görülmüşdür. Bu uğurlarımız tələbələrimizin Avropa əmək bazarına inteqrasiya etməsinə zəmin yaradır.
Zaporojye Dövlət Mühəndislik Akademiyasının Elektron sistemləri kafedrasının müdiri, professor Tatyana Kritskaya “Alternativ energetika-bugünkü vəziyyəti və perspektivi”, Azərbaycan Elmi- Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktor müavini, professor Əsəf Hüseynov “Azərbaycan energetikası müasir inkişaf dövründə”, İrkutsk şəhərinin L.A.Melentyev adına Energetik Sistemlər İnstitutunun direktor müavini Sergey Senderov “Ölkənin və onun regionlarının energetik təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsinə dair indikativ yanaşmanın metodik aspektləri”, aparıcı elmi işçisi Viktor Kupbackiy “ Rusiyanın elektroenergetik sistemlərinin idarəetmə məsələləri üçün intellektual sistemlər və modellər” və professor Vaqif Salmanov “Energetikanın fiziki aspektləri” mövzusunda slayd vasitəsilə məruzə etdilər. Qonaqlar konfransın yüksək səviyyədə təşkil edildiyi üçün rektor Elxan Hüseynova dərin təşəkkür etdilər və qeyd etdilər ki, belə tədbirlər ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir. Ölkəmizin sürətli inkişafı onlarda heyrətamiz təəssürat yaratdığını və Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını vurğuladılar.
Konfrans qarşılıqlı müzakirə şəklində davam etdirildi. Qonaqlar Fizika və elektroenergetika fakültəsində oldular və bütün fənnlər üzrə stendlərlə təchiz olunmuş müasir laboratoriyalar barədə professor-müəllim heyəti tərəfindən məlumatlandırıldılar.
Beynəlxalq konfrans öz işini “Müasir enerji sistemlərində idarəetmə problemləri”, “Energetikanın qeyri-ənənəvi enerji istehsalının müasir vəziyyəti və inkişaf prespektivləri”, “Energetik sistemlərdə enerji çeviriciləri və informasiya texnologiyaları”, “Mikroelektronika və yarımkeçiricilər texnikasının energetikada tətbiqi”, “Enerji menecmenti və marketinq”, “Energetikanın ekoloji problemləri” bölmələrində davam etdirəcəkdir.
Mətbuat xidməti