Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | AzTU və SDU-nun birgə təşkilatçılığı ilə respublika elmi-texniki konfransı keçirildi
Yerləşdirilmə tarixi : 15 Dekabr 2022 17:23
AzTU və SDU-nun birgə təşkilatçılığı ilə respublika elmi-texniki konfransı keçirildi
Azərbaycan Texniki Universiteti (AzTU) və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə energetika sahəsində mühəndis kadrların hazırlanmasına həsr olunmuş “Enerji səmərəliliyi və yaşıl enerji texnologiyaları” adlı respublika elmi-texniki konfransı keçirildi.
Konfransda ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrindən nümayəndələr iştirak edirdilər.
Konfransın açılış mərasimində AzTU-nun Tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli, eləcə də Elm və innovasiya üzrə prorektoru Sübhan Namazov çıxış edərək qeyd etdilər ki, müasir dövrdə həm istehsalda, həm də istehlakda enerji səmərəliliyinin artırılması məsələsi xüsusi əhəmiyyət kəsb edir. Enerji səmərəliliyi problemləri istehsalın ekoloji təhlükəsizliyinin artırılması və sosial məsuliyyətin gücləndirilməsi ilə yanaşı, sənaye müəssisələrinin idarə edilməsinin müasir nəzəriyyə və təcrübəsində mərkəzi tədqiqat obyektinə çevrilir. Bu mənada AzTU və SDU-nun təşkil etdiyi konfrans energetika sahəsində mühəndis kadrların hаzırlаnması və enerji sektorunda elmi-texniki tərəqqinin nailiyyətlərinin praktiki tətbiqi üçün mühüm vasitələrdən biridir.
Konfransın plenar iclasında SDU-nun Elektrotexnika və energetika kafedrasının müdiri dosent Nadir Hacıbalayev, Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov çıxış edərək konfransın əhəmiyyətindən bəhs etdilər. Bildirdilər ki, enerji səmərəliliyinin artırılması enerji resurslarından səmərəli istifadəyə, ətraf mühitə mənfi təsirləri azaltmağa, yaşıl texnologiyaların tətbiqinin genişləndirilməsinə və sənaye sahələrinin inkişafının innovativ potensialının artırılmasına imkan verəcək. Qeyd etdilər ki, hazırda ölkədə təhsilin müxtəlif səviyyələrində energetika sektoru üçün mütəxəssislər hazırlanır. Bu istiqamətdə ölkə başçısı tərəfindən təsdiq olunmuş dövlət proqramları uğurla icra olunur, yeni nəsil mütəxəssislər yetişdirilir. Həmçinin ölkəmizdə “Yaşıl Enerji Zonası”nın yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarının tətbiqi uğurla həyata keçirilir.
Qeyd edək ki, bölmə iclasları ilə davam edən konfrans dekabrın 16-da öz işini yekunlaşdıracaq.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az