Yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır. Müasir dövrdə ölkələrin uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilir. Bu gün sürətli texnoloji tərəqqi bilik və bacarıqların müntəzəm yenilənməsini tələb edir. Sumqayıt Dövlət Universiteti də təhsildə akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyini nəzərə alaraq digər universitetlərlə əməkdaşlığını genişləndirir. Ölkəmizin ali təhsil həyatında xüsusi yeri olan ADA Universitetinin layihəsi əsasında xaricdən dəvət olunmuş professorlar universitetimizdə silsilə mühazirələr ilə çıxış edirlər. Oktyabrın 28-də İqtisadiyyat və idarəetmə fakültəsində Dr. Mukhammadfoik Bakhadirov “Qərarların verilməsi; Şəxsiyyət, emosiyalar və motivasiya; Liderlik; Kommunikasiya bacarıqları; Dəyişikliklərin idarə olunması; Qrup dinamikası” mövzularında ingilis dilində mühazirə oxudu. Mühazirə tələbələrin marağına səbəb oldu.
Onu da qeyd edək ki, gələcəkdə hər iki universitet arasında belə uğurlu layihələrin və müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.
Mətbuat xidməti