SDU-nun əməkdaşları I Beynəlxalq Elmi Konqresdə iştirak ediblər
Dekabrın 23-də Əl-Fərabi adına Qazax Milli Universitetinin təşkilatçılığı ilə hibrid formatda “Dünyanın etnolinqvistik müxtəlifliyi və türk irsi” adlı I Beynəlxalq Elmi Konqres keçirildi.
Azərbaycandan, Qazaxıstandan, Türkiyədən, Özbəkistandan, Macarıstandan və eləcə də Rusiyadan görkəmli elm adamlarının və tədqiqatçıların da qatıldığı bu tədbirin məqsədi Əl-Fərabi adına Qazax Milli Universitetində yeni təsis olunmuş “Türkologiya və altaistika” elmi-tədqiqat mərkəzinin, etnolinqvistika və türkologiya sahəsində müasir elmi araşdırmaların təqdimatı və qarşıda duran vəzifələrin müzakirəsi idi.
Konqresin plenar iclasını Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru professor Janseit Tuymebaev açaraq konqresə qoşulan elm adamlarını salamladı və qonaqları tədbir iştirakçılarına təqdim etdi.
Sonra təbrik nitqi ilə Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Türkiyə Türk Mədəniyyəti Tədqiqat İnstitutunun direktoru professor Erjilasun Ahmet Bijan, Türksoyun Baş katibi Sultan Raev, Beynəlxalq Türkologiya Mərkəzinin sədri, Qazaxıstan Elmlər Akademiyasının müxbir üzvü Erden Kajıbek, eləcə də Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun adından universitetin Elm və innovasiyalar üzrə prorektoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü professor Ramazan Məmmədov çıxış etdilər.
Professor Ramazan Məmmədov konqres iştitakçılarına rektor professor Elxan Hüseynovun salamlarını çatdırdı, türkologiya sahəsində tədqiqat aparan azərbaycanlı alimlərin fəaliyyətindən və onların türk irsi sahəsində aparılan elmi-tədqiqat işlərinə verdikləri töhfələrdən danışdı.
Qeyd edək ki, konqresdə Qazaxıstan Respublikasında fəaliyyət göstərən türkdilli dövlətlərin diplomatik korpuslarının nümayəndələri də iştirak edirdilər.
Konqresin plenar iclası başa çatdıqdan sonra 4 müxtəlif istiqamət üzrə bölmə iclasları dekabrın 24-dək davam edəcək. Qeyd edək ki, beynəlxalq konqresin “Türk sivilzasiyası: tarix, arxeologiya və etnopolitika” bölməsində SDU-nun Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova və 12 əməkdaş, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent Böyükxanım Eminli və Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva iştirak etdilər.
Mətbuat xidməti