SDU-da “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsi çərçivəsində görüş keçirildi
Dekabrın 28-də Sumqayıt Dövlət Universitetində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramı tərəfindən icra edilən, USAID tərəfindən maliyyələşdirilən "Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək" layihəsinin "Gender əsaslı zorakılıq" komponenti çərçivəsində görüş keçirildi.
Görüşdə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək layihənin əhəmiyyətindən və rolundan danışdı, qadınların hər zaman cəmiyyətimizdə və dövlət idarəçiliyində özlərinə məxsus xüsusi yerinin olduğunu bildirdi və son zamanlarda seçkili orqanlarda xanımların iştirakının, idarə, müəssisə və təşkilatlara qadınların təyinatının buna bir daha sübut olduğunu nəzərə çatdırdı. Bu istiqamətdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, qadın zorakılığına qarşı mübarizə istiqamətində də ardıcıl və məqsədyönlü iş aparıldığını, zəruri tədbirlər görüldüyünü vurğuladı.
Sumqayıt Qadın Resurs Mərkəzinin rəhbəri Günel Ələkbərova çıxış edərək layihənin məqsədi haqqında məlumat verdi, gender zəminində məişət zorakılığı hallarını aradan qaldırmaq üçün icmadaxili mexanizmlərə dəstək verməyin, onları gücləndirməyin, qadınların iqtisadi səlahiyyətlərini genişləndirməyin məqsədəuyğun olduğunu qeyd etdi, "Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək" layihəsi çərçivəsində görülən işlər barədə danışdı.
Sumqayıt Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının baş müəllimi, Sumqayıt Qadın Resurs Mərkəzinin psixoloqu İradə Hüseynova çıxış edərək mövzu ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyindən danışdı.
Görüşdə qadın zorakılığına qarşı mübarizə ilə bağlı videoçarx nümayiş etdirildi, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Sonda 25 noyabr - 10 dekabr 2022-ci il tarixləri arasında keçirilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasında fəal iştirak edən tələbələrə sertifikatlar və hədiyyələr təqdim edildi.
Qeyd edək ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. İlk dəfə 1991-ci ildə Qadınların Qlobal Liderliyi İnstitutunun fəalları tərəfindən keçirilməyə başlayan kampaniya hər il Qadınların Qlobal Liderliyi Mərkəzi tərəfindən koordinasiya edilir.
Mətbuat xidməti