SDU-nun əməkdaşlarının əmək haqları artırıldı
Sumqayıt Dövlət Universiteti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir uğurlu addım atıldı. Universitetin əməkdaşlarının əmək haqları artırıldı.
Ölkəmizdə aparılan sosial islahatlar vətəndaşların rifahının yüksəlməsinə xidmət edir. Əhalinin rifahının və məmnunluğunun təminatı, həyat səviyyəsinin yüksəldilməsi, həssas qruplara diqqət və qayğının artırılması Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ana xəttini təşkil edir. Atılan mühüm addımlar, xüsusilə son illərdə həyata keçirilən ardıcıl sosial islahatlar bu istiqamətdə mühüm uğurların əldə olunmasına, sosial müdafiə və aktiv məşğulluq proqramlarının ildən-ilə genişləndirilməsinə şərait yaradıb.
Müasir dövrdə həm ayrı-ayrı müəssisələrin, həm də bütövlükdə cəmiyyətin inkişaf səviyyəsi və tempini insan kapitalı müəyyənləşdirir. Məhz buna görə də insan kapitalının inkişaf etdirilməsi artıq əksər dünya ölkələri, o cümlədən Azərbaycan üçün prioritet məsələyə çevrilmişdir. Ölkəmizdə də insan kapitalının davamlı inkişafı istiqamətində çox mühüm tədbirlər həyata keçirilir.
Prezident cənab İlham Əliyevin tapşırığı ilə 2022-ci ilin dövlət büdcəsində əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün uğurlu addımlar atılmışdır. Sumqayıt Dövlət Universitetində də Azərbaycan dövlətinin siyasi kursunu rəhbər tutaraq əməkdaşların maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi daim diqqətdə saxlanılır. Bu da müəllim və əməkdaşların əməyini stimullaşdırır və fəaliyyətinin inkişaf etdirilməsinə motivasiya yaradır.
Qeyd edək ki, son illər ərzində Sumqayıt Dövlət Universitetində əmək haqları mütəmadi olaraq artırılır.
Mətbuat xidməti