Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi çərçivəsində növbəti görüş keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş keçirildi.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov tədbirdə çıxış edərək ombudsman Səbinə Əliyeva tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təşviqi istiqamətində son dövr ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdi.
Daha sonra ölkəmizin tərəfdar çıxdığı BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasında öz əksini tapmış öhdəliklər sırasında əlilliyi olan şəxslərə bərabər imkanların yaradılması məqsədilə ağlabatan uyğunlaşmanın, inklüzivliyin və müyəssərliyin təmini, universal dizaynın tətbiqinin təşviq edilməsi, əlillik əlamətinə görə ayrı-seçkiliyin yolverilməzliyi və digər məsələlərin mühüm yerlərdən birini tutduğu diqqətə çatdırıldı.
Görüşdə əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində “Təhsil sistemində müyəssərlik və inklüzivlik imkanları” və “Əlilliyi olan uşaqların hərtərəfli inkişafı, istedad, bilik və bacarıqlarını realizə etmələri üçün mövcud imkanlar və çətinliklər” mövzularında müzakirələr aparıldı.
Qeyd edək ki, DOST agentliyində keçirilən görüşdə Sumqayıt Dövlət Universitetindən inklüziv təhsil üzrə məsul şəxs Təranə Quliyeva iştirak edib.
Mətbuat xidməti