SDU-da 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirildi
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.
Yanvarın 20-də Sumqayıt Dövlət Universitetində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
Sumqayıt Dövlət Universitetinin rəhbərliyi və tələbə heyəti şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətində yaradılmış xatirə abidəsini ziyarət etdi və abidə önünə gül dəstələri düzdülər. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sumqayıt Dövlət Universitetinin rəhbərliyi və tələbə heyəti şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətində yaradılmış xatirə abidəsini ziyarət etdi və abidə önünə gül dəstələri düzdülər. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra iştirakçılar universitetin foyesində 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə təşkil olunmuş fotosərgiyə baxış keçirdilər.
Akt zalında davam edən tədbirdə universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək qeyd etdi ki, qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. 20 Yanvar həm də milli iradəmizin zəfər çaldığı gündür. Ona görə də gənclərimiz tarixi həqiqətləri bilməlidirlər. 1990-cı ilin 20 Yanvar faciəsi daima öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.
Professor Elxan Hüseynov onu da qeyd etdi ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdı. O vaxt Moskvada yaşayan Heydər Əliyev yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gələrək xalqımızın kədərinə şərik çıxdı, sovet rəhbərliyinin Bakıda törətdiyi qanlı cinayəti pislədi. Ulu öndərimizin 20 Yanvar hadisələri ilə bağlı bəyanatı nəticəsində dünya SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı bu dəhşətli, xüsusi amansızlıqla törədilən dövlət terrorundan xəbər tutdu. 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Ancaq şəhidlərimizin axan qanı, xalqın verdiyi qurbanlar hədər getmədi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə nəticəsində bütün şəhidlərimiz kimi 20 Yanvar faciəsinin qurbanlarının da arzularının gerçəkləşdiyini, onların ideyalarının qalib gəldiyini vurğulayan rektor Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən soydaşlarımızın əziz xatirələrinin hər zaman qədirbilən xalqımız tərəfindən yaşadıldığını, onların ailə üzvləri, doğmalarının da hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu qeyd etdi.
Sonra faciəni özündə əks etdirən “20 Yanvar − Qan yaddaşımız” adlı sənədli film nümayiş olundu.
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov “20 Yanvar şərəf və qəhrəmanlıq salnaməsidir”, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova “20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin zirvəsidir” mövzularında çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliamdan ətraflı bəhs etdilər, 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi qiymətləndirdilər. Natiqlər 20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində və müstəqil dövlətçilik ənənələrinin inkişafındakı rolunu qeyd edərək, Azərbaycan tarixinin öyrənilməsi, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin fəallığının daha da artırılmasının zərurətini vurğuladılar.
Şəhid ailələri adından çıxış edən, universitetin tələbəsi olmuş Həmzə Adıyevin bacısı Səadət Adıyeva bildirdi ki, 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımız tərəfindən daim uca tutulur, hər il bu hadisənin ildönümü dövlət səviyyəsində böyük ehtiramla anılır. Şəhid bacısı Səadət Adıyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, həmçinin universitet rəhbərliyinə dərin minnətdarlığını ifadə etdi.
Tədbirdə tələbələrin ifasında “Qanlı Yanvar hadisələri” nə həsr olunmuş şeirlər səsləndirildi.
Sonra Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov şəhid ailələrini qəbul etdi. Onların maddi-mənəvi problemləri ilə maraqlandı. Bildirdi ki, şəhidlərimizin ailə üzvlərinə, varislərinə dərin ehtiram göstərməyə hər birimiz borcluyuq.
Mətbuat xidməti