“Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilib
Fevralın 16-da Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə təşkil etdiyi “Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilib.
Təlim-seminarın keçirilməsində əsas məqsəd elmi və ali təhsil müəssisələrinin sosial media hesablarının təhlili, kommunikasiya alətlərindən düzgün istifadə, kommunikasiyanın təşkili və digər istiqamətlərlə bağlı bilik, bacarıqları təkmilləşdirmək, media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsinə töhfə verməkdir.
Təlim-seminarda AMEA-nın nazirliyin tabeliyinə verilən elmi müəssisə və universitetlərinin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində aparılan islahatlardan danışıb. Əhməd İsmayılov bildirib ki, bu islahatların əsas hissəsi cəmiyyətlə düzgün kommunikasiyanın təşkil edilməsidir.
Açılış mərasimində iştirak edən elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxışında qeyd edib ki, nazirliyin tabeliyindəki müəssisələrin kommunikasiyasının gücləndirilməsi əsas prioritetlərdəndir. Nazir müşaviri əlavə edib ki, ötən ilin dekabrından elm sahələrinin ehtiyaclarının müəyyənləşdirilməsi istiqamətində monitorinqlərə başlanılıb. Yaxın zamanlarda nazirliyin tabeliyindəki elmi müəssisələrin yeni əsasnamələrinin təsdiqi gözlənilir.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli də öz növbəsində bildirib ki, bu gün əsas məsələ elmin populyarlaşdırılmasıdır. İnformasiyaların daha çox fakta yönləndirilməsi, yanlış məlumatların verilməməsi olduqca vacibdir və elmin cəmiyyətdə təbliği üçün ciddi addımlar atılmalıdır.
Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev sözügedən təlim-seminarın təşkilindən məmnunluğunu ifadə edib. Rasim Əliquliyev nazirlik və ona tabe olan qurumlar arasında mövcud əlaqələrin gücləndirilməsi və kommunikasiya işinin effektiv təşkilinin vacibliyini önə çəkib, bu kimi təlimlərin əhəmiyyətli olduğunu nəzərə çatdırıb.
Daha sonra Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Elmi müəssisə və universitetlərin sosial media hesablarının təhlili" mövzusunda təqdimatla çıxış edib.
Təlim-seminarın davamında Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova "Media savadlılığı", "Alibayov" kommunikasiya və konsultinq şirkətinin rəhbəri Vəli Əlibəyov "Uğurlu kommunikasiyanın qurulması, kommunikasiya alətlərindən düzgün istifadə", təlimçi Toğrul Ələkbərov "Effektiv təqdimat bacarıqları", təlimçi Fəxri Ağayev "Şəxsi və peşəkar inkişaf", ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə mütəxəssis Azər Nəzərov "Təhsil müəssisələri üçün PR və kommunikasiyanın əsasları", həmçinin Təhsil TV-nin rəhbəri Rəşad Cəfərov "Təhsil TV ilə əməkdaşlıq imkanları" mövzularında çıxış edərək təcrübələrini bölüşüblər.
Təlim-seminar çərçivəsində müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təlim-seminarda Sumqayıt Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin müdiri Nazxanım Cəlilli iştirak edib.
Mətbuat xidməti