SDU-da Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi seminar keçirildi
Fevralın 21-də Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Milli-mənəvi dəyərlərimizin açarı” adlı elmi seminar keçirildi.
Tədbirdə SDU-nun Filologiya fakültəsinin professor-müəllim heyəti, magistrant, doktorant və dissertanları iştirak etdilər.
Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent Böyükxanım Eminli çıxış edərək qonaqları, professor-müəllim heyətini, tələbələri salamladı və 21 fevral - Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən, ədəbi dil normalarının qorunması uğrunda mübarizədən danışdı. Bildirdi ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Azərbaycan dili türk dilləri ailəsində özünəməxsus yeri, dərin kökləri, böyük ənənəsi olan çox zəngin və möhtəşəm dildir. Bu istiqamətdə Ulu öndər Heydər Əliyev ardıcıl və məqsədyönlü dil siyasəti aparıb, Azərbaycan dilinin qorunub-saxlanılmasında misilsiz xidmətlər göstərib. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması, Ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Hazırda bu ənənələri dövlətimizin başçısı cənab İlham Əliyev uğurla davam etdirməkdədir.
Sonra Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının professoru Astan Bayramov və gənc müəllim Elşad Əliyev çıxış edərək Azərbaycan dilinin incəliklərindən, onun zəngin ifadə çalarlarından, potensial imkanlarından söz açdılar. Bildirdilər ki, bütün dünya dövlətlərində olduğu kimi, respublikamızda da bu mötəbər gün qeyd olunur. Sevindirici haldır ki, dilimizə qayğı göstərmək, onu qorumaq, təbliğ etmək kimi məsələlər ölkəmizdə təkcə bu gün aktuallaşdırılmır, müntəzəm olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı dilimiz üçün mühüm əhəmiyyət kəsb edir.
Digər natiqlərçıxışlarında bədii ədəbiyyatda ana dilimizə verilən xüsusi diqqətdən bəhs etdilər və ana dili mövzusunda qələmə alınmış əsərlərin adlarını çəkərək onlardan müəyyən sitatlar nümunə göstərdilər.
Tədbirin sonunda tələbələr tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olundu və ana dilindən bəhs edilən şeirlər səsləndirildi.
Mətbuat xidməti