Karyera və Psixologiya Mərkəzinin əməkdaşları SDU-da təlimlərə başlayıb
Fevralın 23-də Karyera və Psixologiya Mərkəzinin əməkdaşları Sumqayıt Dövlət Universitetində təlimlərə başladı.
Təlim Karyera və Psixologiya Mərkəzinin direktoru Samir Vəliyev, koordinatorlar: Təranə Rəhimova, Sədaqət Məmmədova və Mələk Kərimova tərəfindən aparılır.
Tədbiri universitetin Karyera və Məzunlarla İş Mərkəzinin direktoru dosent Əmirxan İsayev açaraq Karyera və Psixologiya Mərkəzinin direktoru Samir Vəliyevi və iştirakçıları salamladı. Dosent Əmirxan İsayev Karyera Mərkəzinin fəaliyyət istiqamətləri, tələbə və məzunlar arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi, məzunların sənaye müəssisələri ilə işgüzar münasibətlərinin möhkəmləndirilməsi istiqamətində aparılan işlərdən söhbət açaraq bildirib ki, əmək bazarının tələblərinə uyğun keyfiyyətli kadr ehtiyacları universitet və sənaye müəssisələri arasında əməkdaşlığın artmasına təkan verən amillərdən biridir. Əsas funksiya tələbə və məzunların işlə təmin olunmasına köməklik göstərməkdir. Universitetimizdə rektor professor Elxan Hüseynovun rəhbərliyi ilə tələbə və məzunların potensialına uyğun işlə təmin olunmalarına kömək göstərilməklə yanaşı, onlarla məzun müəllim kimi fəaliyyət göstərir, struktur bölmələrdə müxtəlif vəzifələrdə çalışırlar.
Dosent Əmirxan İsayev onu da vurğuladı ki, ötən il SDU-nun bir qrup tələbəsi Karyera və Psixologiya Mərkəzində təlimdə iştirak etmiş, təlimi müvəffəqiyyətlə başa vuraraq sertfikata layiq görülmüşlər.
Karyera və Psixologiya Mərkəzinin direktoru Samir Vəliyev Sumqayıt Dövlət Universitetinin tələbələri üçün Mərkəzdə növbəti təlimlərə start verildiyini və görüşün gələcəkdə də uğurla davam etdiriləcəyini qeyd edib. Bildirib ki, təlimdə müasir dövrün tələblərinə uyğun düzgün istiqamətin seçilməsi, xarakterin və potensialın ortaya çıxarılması yolları, hər zaman yüksəkmotivasiyalı olmaq üçün lazım olan psixoloji metodikalar, çətinlikləri öz xeyrinə istifadəetmə qaydaları, düzgün hədəf və strategiyaqurma metodları təlqin edilir. O həmçinin məqsədsizliyin, nizam-intizamlılığın, iradə zəifliyinin, hədəfin olmamasının, dözümsüzlük dərəcəsinin aşağı olmasının motivasiya deposunu dağıdan əsas amillərdən olduğunu vurğulayıb.
Qeyd edək ki, təlim tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Mətbuat xidməti