Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş idman spartakiadasının qalibləri mükafatlandırıldı
Sumqayıt Dövlət Universiteti və SDU nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 3 idman növü (dama, şahmat və nərd) üzrə yarışlarına start verilmişdir. Fevralın 28-də isə universitetin Kiçik Akt zalında spartakiadada iştirak edən qaliblərin mükafatlandırılması mərasimi keçirildi.
Mükafatlandırma mərasimini universitetin rektoru professor Elxan Hüseynov açaraq belə tədbirlərin əməkdaşlar arasında idmanın kütləviliyinin təmin və təbliğ edilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu bildirdi. Qeyd etdi ki, hər il Ulu Öndərin doğum günü ərəfəsində Sumqayıt Dövlət Universitetində əməkdaşlar və tələbələr arasında silsilə idman yarışları keçirilir. Bu yarışların keçirilməsində əsas məqsəd Ulu Öndərin əziz xatirəsini daim yaşatmaqdan, eləcə də idmanın kütləviliyinin artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği yönündə aparılan fəal dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.
Rektor onu da diqqətə çatdırdı ki, Azərbaycanın dünyanın idman meydanlarında qazandığı möhtəşəm nailiyyətlərin təməli məhz Heydər Əliyev tərəfindən qoyulub. Dahi şəxsiyyət Heydər Əliyev ölkəmizdə idmanın yüksək səviyyədə inkişafını daim diqqət mərkəzində saxlayıb. Bunun nəticəsidir ki, idmançılarımız yarışlarda yüksək nailiyyətlər qazanıb, bayrağımızı zirvələrdə dalğalandırıblar. Bu gün Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır.
SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov keçirilən idman yarışlarından bəhs edərək bildirdi ki, ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişaf səviyyəsinin gündən-günə yüksəldiyi bir zamanda, şübhəsiz, ali təhsil ocaqlarında da bu sahəyə xüsusi diqqət yetirilir. Respublikamızın digər ali təhsil ocaqları kimi, Sumqayıt Dövlət Universiteti də dövlətimizin idmana göstərdiyi qayğıdan ruhlanaraq bu sahənin inkişafına öz töhfələrini verir.
Daha sonra şahmat, dama və nərd üzrə yarışların qaliblərinə Fəxri fərman və hədiyyələr təqdim edildi.
Qeyd edək ki, şahmat üzrə yarışlarda I yeri Mühəndislik fakültəsi, II yeri Filologiya fakültəsi, III yeri Riyaziyyat fakültəsi; dama üzrə I yeri Mühəndislik fakültəsi, II yeri Filologiya fakültəsi, III yeri İqtisadiyyat və idarəetmə fakültəsi; nərd üzrə I yeri SDU nəzdində Sumqayıt Dövlət Texniki Kolleci, II yeri Fizika və elektroenergetika fakültəsi, III yeri İqtisadiyyat və idarəetmə fakültəsi qazandı.
Mətbuat xidməti