Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Dövlət Təhlükəsizliyi Xidməti dövlətin əsas sütunlarından biridir” adlı tədbir keçirildi
Yerləşdirilmə tarixi : 02 Mart 2023 15:03
SDU-da “Dövlət Təhlükəsizliyi Xidməti dövlətin əsas sütunlarından biridir” adlı tədbir keçirildi
Martın 2-də Sumqayıt Dövlət Universitetində “Dövlət Təhlükəsizliyi Xidməti dövlətin əsas sütunlarından biridir” adlı tədbir keçirildi.
Öncə rektor professor Elxan Hüseynov və Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt Şəhər İdarəsinin rəisi Natiq Səmədov Ümummilli Lider Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Natiq Səmədov Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin bütün dövrlərini, o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi xarici ölkələrə səfərlərini, nüfuzlu dövlət xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillərə, Ulu Öndərə həsr olunmuş kitablara baxış keçirdi.
Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə rektor professor Elxan Hüseynov açaraq, tədbirin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, Dövlət Təhlükəsizliyi Xidməti milli maraqlarımızın və təhlükəsizliyimizin etibarlı təminatı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyəti ilə tarixin şərəfli səhifələrini yazır. Ölkəmizdə dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Ermənistanın hərbi təcavüzü, separatizm və dövlətçiliyin itirilməsi təhlükəsi ilə, dərin siyasi-iqtisadi böhranla, qanunsuz silahlı dəstələrin və cinayətkar qrupların tüğyan etməsi ilə üzləşdi. Məhz belə bir şəraitdə Ülu Öndərimiz Heydər Əliyev xalqın təkidi ilə siyasi rəhbərliyə qayıtdı. Yalnız bundan sonra ölkə vətəndaş müharibəsindən xilas edildi, qanunçuluğun və ictimai-siyasi sabitliyin bərpasına nail olundu, demokratik, hüquqi dövlətin bünövrəsi qoyuldu.
Rektor Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında 25 illik fəaliyyətindən söz açdı.Onu da qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin təhlükəsizlik orqanlarının xalqımızın maraqlarına xidmət göstərməsini təmin etmiş və peşəkar milli kadrların yetişməsinə əvəzsiz töhfələr vermişdir. Görüşün əhəmiyyətindən bəhs edən rektor onu da vurğuladı ki, Azərbaycanda gənclərin vətənpərvərlik, tariximizə, milli adət-ənənələrimizə, maddi-mənəvi dəyərlərimizə hörmət, dövlətə sədaqət ruhunda yetişdirilməsi və tərbiyə edilməsi istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti xüsusi fəallığı ilə seçilir. Belə görüşlərin keçirilməsi gənclərimizin tərbiyəsində, onların vətənpərvərlik ruhunda yetişməsində müstəsna rol oynayır.
Sonra DTX-nın Sumqayıt Şəhər İdarəsinin rəisi Natiq Səmədov SDU-nun professor-müəllim və tələbə heyətini salamlayaraq tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə rektor professor Elxan Hüseynova təşəkkürünü ifadə etdi. Xüsusi xidmət orqanlarının tarixindən bəhs etdi. “Dövlət Təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır”,−deyən cənab Natiq Səmədov qeyd etdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğı ilə yanaşıb, maddi-texniki təchizatı, sovet dövründə formalaşmış peşəkar əməkdaşların qorunması ilə yanaşı, gənc kadrların yetişdirilməsi məsələsi də daim diqqət mərkəzində saxlanılıb. Ulu Öndərin əsasını qoyduğu bu siyasət müstəqil Azərbaycanda dünya tərəfindən qəbul edilən və əlbəttə ki, təqdir olunan sabitliyin bərqərar olmasında müstəsna rol oynayıb. Prezident cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu gündən-günə daha da möhkəmlənir. Dövlətimizin başçısının düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan bu gün təhlükəsizlik baxımından dünyanın qabaqcıl dövlətləri ilə bir sırada dayanır. 30 ilə yaxın müddət ərzində dövlətimizin təhlükəsizliyi əleyhinə yönəlmiş başlıca amilin Ermənistan tərəfindən aparılan işğalçılıq siyasəti olduğunu bildirən cənab Natiq Səmədov qeyd etdi ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi ilə Azərbaycan Ordusunun Vətən savaşında qələbə çalmaqla erməni faşizmini məhv etməsi nəticəsində regionda yeni təhlükəsizlik düzəni formalaşdı. Vətən müharibəsindən sonra hələ də bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri müşahidə edilməkdədir. Azərbaycan dövlətçiliyinin inkişaf və tərəqqisini gözü götürməyən bədxah qüvvələr öz çirkin niyyətlərini həyata keçirmək məqsədilə bu gün gənclərdən istifadə etməyə, onları öz planları üçün vasitəyə çevirməyə çalışırlar. Buna görə də tələbə gəncləri ayıq-sayıq olmağa, dövlətçiliyin keşiyində mətanətlə dayanmağa çağırdı
Sonda tələbələrin çoxsaylı sualları cavablandırıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az