SDU-nun kollektivi “Heydər Əliyev İli”çərçivəsində “100 ağac əkək” devizi altında Sumqayıtın Bulvar ərazisində ağacəkmə aksiyasında iştirak etdi
Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi Ulu Öndərə ümumxalq ehtiramının ifadəsidir. Sərəncamda qeyd olunduğu kimi, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub-saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi respublikamızın həyatında böyük ictimai-siyasi hadisədir, çünki müstəqil Azərbaycanın adı Heydər Əliyevin adı ilə yanaşı çəkilir. Həmin Sərəncama uyğun olaraq, Sumqayıt Dövlət Universitetində Ulu Öndərin həyatı, siyasi fəaliyyəti, göstərdiyi fədakarlıqları və Azərbaycan xalqına tarixi xidmətləri ilə bağlı Tədbirlər Planı hazırlanıb, silsilə tədbirlər təşkil edilir.
Nəzərdə tutulmuş tədbirlərin davamı olaraq martın 4-də SDU-nun kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “100 ağac əkək” devizi altında Sumqayıt şəhər Bulvarı ərazisində ağacəkmə aksiyasında iştirak etdi.
SDU-nun təşəbbüsü ilə gerçəkləşən ağacəkmə aksiyasında professor-müəllim və tələbə heyətinin iştirakı ilə “100 ağac əkək” devizi reallaşdı.
Belə aksiyaların keçirilməsində məqsəd həm də yaşıllıqların salınması, onlara qulluq göstərilməsi və cəmiyətin diqqətini ətraf mühitin mühafizəsinə yönəltməkdən ibarətdir.
Mətbuat xidməti