Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Beynəlxalq Riyaziyyat Gününə həsr olunmuş Riyaziyyat üzrə fənn olimpiadası keçirildi
Yerləşdirilmə tarixi : 04 Mart 2023 13:20
SDU-da Beynəlxalq Riyaziyyat Gününə həsr olunmuş Riyaziyyat üzrə fənn olimpiadası keçirildi
Martın 4-də Sumqayıt Dövlət Universiteti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər ümumtəhsil məktəblərinin V-IX sinif şagirdləri arasında riyaziyyat üzrə 14 Mart - Beynəlxalq Riyaziyyat Gününə həsr olunmuş fənn olimpiadası keçirildi.
Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsi artıq universitetimizdə ənənə halını almışdır. SDU-nun əsas prioritet istiqamətlərindən biri də elm və təhsilin vəhdətinə nail olmaqdır.
Olimpiadanın açılışında Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri dosent Məftun Heydərova çıxış edərək olimpiadanın əhəmiyyəti və məqsədindən söhbət açdı. Bildirdi ki, olimpiadanın təşkil edilməsində məqsəd Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə “2015‒2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası” Planına uyğun olaraq, yeniyetmələrdə erkən yaşlarda elmə maraq yaratmaq, istedadlı şagirdlərin aşkar edilməsi, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onlarda riyaziyyat elminə maraq oyatmaqdan ibarətdir.
Dosent Məftun Heydərova şagirdlərə gələcəyin savadlı mütəxəssisləri timsalında uğurlar və olimpiadada müvəffəqiyyətlər qazanmağı arzuladı.
Sonra olimpiadanın Təşkilat komitəsinin sədri, Riyaziyyat və onun tədrisi metodikası kafedrasının dosenti Mətləb Ağayarov çıxış edərək bildirdi ki, bilik və biliyə əsaslanan təcrübə insanın həyatı boyu qazanacağı ən böyük sərvətdir. Biliyə aparan enişli-yoxuşlu yolu zəhmətkeş, əzmkar, iradəsi möhkəm olanlar, zəhmətə qatlaşmağı bacaranlar qət edə bilir. Qazanılan qələbə onu qazananların yaddaşında hər zaman ən xoş xatirə kimi qalacaq və onları daha böyük qələbələrə sövq edəcəkdir.
Qeyd edək ki, riyaziyyat fənni üzrə keçirilən olimpiadada Sumqayıt şəhərində fəaliyyət göstərən 41 tam orta məktəb və 4 liseydən 212 nəfər şagird iştirak etdi. Şagirdlərə təqdim edilmiş suallar Riyaziyyat və onun tədrisi metodikası kafedrasının əməkdaşları tərəfindən tərtib edilmişdi.
Olimpiadanın nəticələri münsiflər heyəti tərəfindən elan olunacaq, qaliblərə diplom və müxtəlif həvəsləndirici mükafatlar təqdim ediləcəkdir.
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az