Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da rektorluğun növbəti iclası keçirildi
Yerləşdirilmə tarixi : 10 Mart 2023 16:49
SDU-da rektorluğun növbəti iclası keçirildi
Martın 10-da Sumqayıt Dövlət Universitetində rektorluğun növbəti iclası keçirildi. İclası açıq elan edən rektor professor Elxan Hüseynov ilk olaraq iştirakçıları salamladı və gündəliyə çıxarılan məsələlər barədə məlumat verdi.
Universitetin tədris və elmi fəaliyyəti üzrə dinamik inkişafını qeyd edən rektor gündəlikdəki məsələlər, xüsusilə yaz semester imtahanları ərəfəsində keçiriləcək kollokviumlar və onların nəticələrinin ancaq tələbələrin həyatında deyil, ümumilikdə universitetdə tədrisin perspektiv planlaşdılması işində oynaya biləcəyi rol barədə söhbət açdı. Bunun üçün akademik təqvimə uyğun olaraq keçiriləcək növbəti kollokviumlara hazırlığın yüksək səviyyədə aparılacağına ümid etdiyini bildirən rektor bununla bağlı öz tövsiyə və tapşırıqlarını verdi.
Daha sonra gündəlikdəki digər məsələlərdən biri-“Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi barədə danışan rektor Elxan Hüseynov bununla əlaqədar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  2022-ci il dekabrın 6-da imzaladığı Sərəncamı xatırlatdı. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasını Azərbaycan mədəniyyətinə sayğının nümunəsi adlandıran Elxan Hüseynov bu faktın universitetin müəllim və tələbələri arasında təbliğini zəruri saydığını bildirdi. Daha sonra gündəlikdəki növbəti məsələ - Novruz bayramına hazırlıqla bağlı danışan rektor qədim və zəngin ənənəsi olan bayramın fəlsəfəsinin tələbələrə çatdırılmasının vacibliyini qeyd etdi. 
Gündəlikdəki məsələlərdən biri-2022/23-cü tədris ilinin yaz semestrində keçiriləcək kollokviumlara hazırlıq barədə məruzə etmək üçün söz alan Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov kollokviumların təkcə  tələbələrin bilik səviyyəsinin deyil, həmçinin tədris vəziyyətinin hansı səviyyədə olmasını müəyyənləşdirən hadisə olduğunu xatırlatdı. O, universitetin tədris həyatında kollokviumların keçirilməsinə ciddi hazırlıq getdiyini, bu məsələnin rektorluq tərəfindən ciddi nəzarətə götürüldüyünü və fakültələrdə müvafiq işlərin aparıldığını qeyd etdi. Mərkəzin direktoru ilk kollokviumların mart ayının 14-də keçiriləcəyini bildirərək, bununla bağlı bütün hazırlıq işlərinin başa çatdığını bildirdi.
Rektorluğun iclasına çıxarılan digər məsələlər: “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi və Novruz bayramına hazırlıq haqqında məruzə etmək üçün söz Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilova verildi. Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı universitetdə müvafiq Tədbirlər Planı hazırlandığını bildirən Elmar Xəlilov bu çərçivədə ilin müxtəlif vaxtlarında elmi konfrans, dəyirmi masa və seminarların təşkil olunacağını, əslən Şuşadan olan, Azərbaycan və Türkiyənin, ümumən türk dünyasının böyük fikir adamlarından biri, görkəmli ictimai-siyasi xadimi, liberal Kamalizmin banisi Əhməd bəyin elmi-siyasi yaradıcılığına həsr olunan “Əhməd bəy Ağaoğlu və türk dünyası” mövzusunda tədbirin keçiriləcəyini vurğuladı. Bunlardan əlavə, universitet tələbələri arasında “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusu üzrə  “Ən yaxşı təqdimat” müsabiqəsinin təşkil olunacağını deyən prorektor “Gənc politoloqlar klubu”nda Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı dəyirmi masanın, elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə “Şuşa Türk dünyasının mədəniyyət paytaxtıdır”adlı tədbirin keçiriləcəyini qeyd etdi.
Bunlardan əlavə, məruzədə Şuşa şəhərinin qədim tarixi abidələrinin öyrənilməsi məqsədilə universitetin tələbə, magistrant və müəllimlərinin bir qrupunun Şuşa şəhərinə ekskursiyalarının təşkil olunacağı vurğulanıb.   
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi və rektorluğun iclası öz işini başa çatdırdı.
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az