SDU-da "Təhsil-tədqiqat-innovasiya" modelinə keçid: qlobal çağırışlar və real imkanlar” mövzusunda təqdimat keçirildi
Martın 13-də Sumqayıt Dövlət Universitetinin Kiçik Akt zalında "Təhsil-tədqiqat-innovasiya" modelinə keçid: qlobal çağırışlar və real imkanlar” mövzusunda təqdimat keçirildi.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində, “Təhsil-tədqiqat-innovasiya” modelinə keçid: qlobal çağırışlar və real imkanlar” devizi altında baş tutan təqdimat SDU-nun rektoru professor Elxan Hüseynovun giriş sözü ilə başladı. Təqdimatda iştirak edən professor-müəllim heyətini salamlayan rektor “2015-2025-ci illər üçün SDU-nun Strateji İnkişaf Planı”na uyğun olaraq, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ilə müəyyən edilmiş fəaliyyət istiqamətləri nəzərə alınmaqla hazırlanan təqdimatın günün tələbatına cavab verdiyini bildirdi. Dəyişən dünyanın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də yeni strategiya tələbatı barədə danışan professor Elxan Hüseynov təqdimatın Prezident İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan tələblər əsasında hazırlandığını diqqətə çatdırdı. Qloballaşma şəraitində yeni iqtisadi çağırışlara uyğun rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasının, insan kapitalının davamlı və dayanıqlı inkişafına nail olunmasının qaçılmaz olduğunu qeyd edən rektor dinləniləcək məruzədə və təqdim ediləcək layihədə dünyanın nüfuzlu reytinq cədvəllərinə düşməyin gələcək hədəflərə çatmaq yolunda əsas vasitələrdən biri kimi gördüyünü vurğuladı. Universitetin tədris və elmi laboratoriyaları üçün modern avadanlıq və qurğuların hazırlanmasının, Qərbi Avropa ölkələri, xüsusilə Almaniya zavodları ilə müqavilələrin imzalandığını qeyd edən professor Elxan Hüseynov universitetdə yaradılan Dissertasiya Şuralarının böyük stimullar verdiyini bildirib. SDU-nun yaxın vaxtlarda innovasiya və tədris mərkəzinə çevrilməsinin onun əməkdaşları üçün prioritet istiqamət təşkil etdiyini bildirən rektor ən yaxın hədəflər barədə söhbət açdı.
Məruzə üçün söz alan SDU-nun rektor müşaviri dosent Zəfər Hüseynov ali təhsil müəssisəsinin əsas strateji hədəfinin “Təhsil-tədqiqat-innovasiya” universitetinə çevrilmək olduğunu bildirərək auditoriyaya suallar ünvanladı. Son illərdə universitetdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldığını, təhsilin normativ hüquqi bazasının təkmilləşdirildiyini, maddi-texniki təminat istiqamətində geniş tədbirlər həyata keçirildiyini qeyd edən dosent Zəfər Hüseynov bu işlərin davam etdirildiyini bildirdi. SDU-da tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, innovasiyaların tədris prosesinə tətbiqi barədə danışan rektor müşaviri digər universitet və elmi təşkilatlar ilə elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə danışdı.
“QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi ilə qarşılıqlı əməkdaşlıq perspektivləri barədə məlumat verən universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin baş müəllimi, beynəlxalq reytinq sistemləri ilə əməkdaşlıq layihəsini təqdim edən Nihad Hüseynov təqdimatdan əvvəl gündəlik baxılacaq məsələlərdən danışdı, GZİT analiz, komanda təşkili və koordinasiya, informasiya axınının təşkili barədə informasiya verdi. Dünya və regionlar üzrə seçilmiş ixtisaslara görə reytinq, davamlılıq üzrə reytinq, ətraf mühit, sosial və idarəetmə (ESG) problemləri ilə mübarizə aparmasına görə reytinq, maliyyə, menecment, marketinq, təchizat zəncirinin idarə edilməsi və biznes analitikası magistratura ixtisasları üzrə reytinq barədə danışan Nihad Hüseynov bu sahədə reytinqləri müəyyənləşdirən cədvəllərdə yer tutmaq məsələsinin universitetlər üçün niyə vacib məsələ olduğundan söz açdı. Qlobal MBA reytinqi, dünya üzrə istehsalatyönümlü ixtisaslar üçün reytinq, məzunların məşğulluq reytinqi, Regional Universitet reytinqi və digər anoloji məsələlər barədə danışan təqdimatçı universitetin güclü və zəif tərəfləri barədə məlumat verdi.
Təqdimatın sonunda universitetin rektoru professor Elxan Hüseynov iştirakçılara uğurlar arzuladı, onlara öz tövsiyələrini verdi və layihənin icrası üçün komanda tərkibinin təyin edilməsi işinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Natiq Talıbova həvalə edildiyini qeyd etdi.
Mətbuat xidməti