Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir” mövzusunda elmi-praktik konfrans keçirildi
Yerləşdirilmə tarixi : 15 Mart 2023 16:23
SDU-da “Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir” mövzusunda elmi-praktik konfrans keçirildi
Martın 15-də Sumqayıt Dövlət Universiteti və  Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, universitetin professor-müəllim və tələbə heyəti iştirak etdilər.
Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Konfransın açlışında  Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Konfransı giriş sözü ilə açan universitetin rektoru professor Elxan Hüseynov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovu və iştirakçıları salamladı, Ümummilli Lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli fəaliyyəti haqqında ətraflı danışdı. Diqqətə çatdırdı ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Keçirilən tədbirlərdə Ulu Öndərin Azərbaycan xalqı, dövləti və doğma vətənimiz üçün etdiyi mühüm tarixi xidmətlərindən, ümumbəşəri fəaliyyətindən geniş söhbət açılır, xatirəsi əziz tutulur.
Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir. Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Ümummilli Liderin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb.
Rektor onu da qeyd etdi ki, Sumqayıtın tarixinin ən əlamətdar səhifələri Ulu Öndərin adı ilə bağlıdır. Məhz onun diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70-80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılaraq, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilmişdir. Dövlət başçısı cənab İlham Əliyevin Cənubi Qafqazın Bakıdan sonra ikinci sənaye mərkəzi olan Sumqayıta səfərləri, diqqət və qayğısının nəticəsidir ki, şəhərimiz sürətlə inkişaf edir. Yeni açılan müəssisələrin fəaliyyəti ölkə iqtisadiyyatına öz bəhrəsini verməkdədir. Cənab Zakir Fərəcovun rəhbərliyi ilə Sumqayıt şəhərinin mədəni səviyyəsi yüksəlmiş, modern inkişafı üçün dövlət proqramına uyğun olaraq bir sıra islahatlar gerçəkləşmiş, yeni nailiyyətlər əldə olunmuşdur. Özünün iri müəssisələr şəbəkəsi və müvafiq infrastrukturunu formalaşdıran şəhər qısa müddət ərzində ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi tanınıb, eyni zamanda, mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə böyük müvəffəqiyyətlər əldə edib. Bu gün Sumqayıt Dövlət Universiteti Sumqayıt şəhərinin elmin, təhsilin və mədəniyyətinin ümumi tərəqqisinə layiqli töhfələr bəxş edir.
Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov çıxış edərək rektor professor Elxan Hüseynovu və kollektivi salamladı, hər kəsi Novruz bayramı münasibətilə təbrik etdi, xalqımızın zəngin milli-mənəvi dəyərlərini özündə əks etdirən ümumxalq bayramının bütün ailələrə ruzi-bərəkət və firavanlıq gətirməsini arzuladı.
Cənab Zakir Fərəcov “Heydər Əliyev müstəqil Azərbaycanın banisidir” mövzusunda geniş məruzə ilə çıxış etdi. Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətlərindən söz açdı, bildirdi ki, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Xüsusilə də, müdrik dövlət xadiminin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi mərhələ sabitlik, tərəqqi dövrü kimi tarixə həkk olunub. Azərbaycanda uğurlu dövlət quruculuğu həyata keçirilib, bütün sahələrdə köklü islahatlar aparılıb, ölkəmizin beynəlxalq əlaqələri inkişaf etdirilib, dünyada mövqeyi möhkəmlənibdir. Ona görə də dövlətçilik tariximizin Heydər Əliyev dönəmi Azərbaycan xalqının və tarixin yaddaşında sabitlik, rifah, yüksəliş, intibah anlayışları ilə assosiasiya olunur. Xalqımız həm də ona görə xoşbəxtdir ki, Heydər Əliyev ideyaları yaşayır, onun siyasəti layiqli varisi və alternativsiz siyasətinin uğurlu davamçısı Prezident cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir.
Cənab Zakir Fərəcov onu da qeyd etdi ki, ölkəmizə rəhbərliyi dövründə Ümummilli Lider Heydər Əliyev Sumqayıtda 16 dəfə olub və hər səfəri böyük tarixi hadisə kimi yaddaşlarda qalıb. Şəhərdə sənayenin, elmin və təhsilin, sosial həyatın coşqun inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır. Sumqayıt Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə sürətli inkişaf yolu keçib. Burada keçmiş ittifaqda metallurgiya, kimya, energetika, tikinti materialları sənayesinin aparıcı müəssisələri yaradılıb, yeni mikrorayonlar, yaşayış məhəllələri salınıb. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclik və sənaye şəhəri olan Sumqayıta çoxsaylı səfərlər edib. Bu səfərlər zamanı bir çox sənaye müəssisəsi açılıb. Bu gün Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində şəhərin sürətli inkişafı təmin olunub, Sumqayıt artıq Cənubi Qafqazın ikinci sənaye mərkəzi kimi yeni üfüqlərə doğru addımlayır.
Cənab Zakir Fərəcov şəhərdə aparılan böyük quruculuq işlərindən, irimiqyaslı layihələrin həyata keçirilməsindən, yeni sənaye müəssisələrinin inşa olunmasından, ümumən Sumqayıtın sürətli inkişafından söhbət açdı. Bildirdi ki, şəhərdə Avropa standartlarına uyğun müasir bulvar yaradılmış, mikrorayonlarda məhəllədaxili yollar, küçə və prospektlərdə yollar əsaslı təmir edilmiş, yaşayış binalarının, məktəb və uşaq bağçalarının yararsız dam örtükləri yeniləri ilə əvəz olunmuş, şəhərin müxtəlif ərazilərindəki parklar daha da abadlaşdırılmışdır. Heydər Əliyev Mərkəzi, Dəmiryol Vağzalının binası, Poeziya Evi, Bayraq muzeyi, Uşaq incəsənət məktəbi, Şahmat məktəbi, və s. yeni sosial-mədəni obyektlər şəhərin memarlıq görkəminə dəstək olub. Bu işlər bu gün də, sabah da uğurla davam etdiriləcək.
Tarix və coğrafiya fakültəsinin dekanı professor, Əməkdar müəllim Adil Baxşəliyev “Heydər Əliyevin dövlətçilik fəaliyyəti”, Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri professor Əkbər Ağayev “Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu”, Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva “Heydər Əliyevin mədəniyyət siyasəti”, Filologiya fakültəsinin III kurs tələbəsi Günel Əliyeva “İlham Əliyevin hakimiyyəti dövründə multikulturalizm və tolerantlıq ideologiyasının inkişafı” mövzularında çıxış etdilər. Bildirdilər ki, müasir Azərbaycan dövlətinin qurulması və inkişaf etdirilməsi, azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, Azərbaycan dilinin azərbaycançılıq ideologiyasının komponenti olması, ölkəmizin iqtisadi tərəqqisi və digər sahələrdə həyata keçirilən uğurlu layihələrin təməli məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün artıq Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin bu istiqamətdəki siyasəti modernləşmə xəttində sosial dövlət, balanslaşdırılmış xarici siyasət, sabitlik, dayanıqlı iqtisadi inkişaf və yeni təfəkkür tərzinin, yəni mədəni-mənəvi müxtəlifliyin həyat tərzi kimi dövlət səviyyəsində qəbulu, bütün dinlərə qarşı tolerant mühit, hər cür ayrı-seçkiliyin aradan qaldırılması və s. bu kimi ideyaların formalaşdırılmasından ibarətdir. Bu standartlar və varislik yolu ilə ta qədimdən müasir dövrədək gəlib çatmış, azərbaycançılıq ideyasından əxz olunaraq, Azərbaycan xalqının milli-mənəvi dəyərləri çərçivəsində bərqərar edilmişdir. Bu kontekstdə cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi, inkişaf etdirdiyi azərbaycançılıq təlimi özündə varislik və ənənəviliklə vəhdətdə modernliyi də əks etdirir.
Konfransın sonunda cənab Zakir Fərəcov tərəfindən tələbələri maraqlandıran suallar cavablandırıldı.
Tələbələr tərəfindən təqaüd ilə bağlı ünvanlanmış sualları yerindəcə cavablayan cənab Zakir Fərəcov bildirdi ki, 50 nəfər tələbəyə təqaüdün verilməsini təmin edəcək. 
Cənab Zakir Fərəcov qeyd etdi ki, təhsil hər bir ölkə üçün strateji sahədir. Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi, təhsil hər bir xalqın gələcəyidir. Prezident cənab İlham Əliyevin ölkəmizdə təhsilin ən yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı dövlətin, cəmiyyətin qarşısına qoyduğu hədəflər reallığa əsaslanır. Bundan bəhrələnən Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Sumqayıt şəhərinin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin tələbələri öz uğurları ilə şəhərimizin və universitetimizin şərəfini ucaldırlar.
Sonda rektor professor Elxan Hüseynov universitetin professor-müəllim və tələbə heyəti adından İcra başçısı cənab Zakir Fərəcova təşəkkürünü bildirdi.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az