SDU-da Novruz bayramı təntənə ilə qeyd edildi
Martın 16-da Sumqayıt Dövlət Universitetinin əsas tədris binasının həyətində möhtəşəm Novruz şənliyi keçirildi.
Milli geyimdə səhnəyə çıxan aparıcılar universitetin bütün kollektivini, yerli və əcnəbi tələbələri salamlayıb onları bayram münasibətilə təbrik etdilər.
Novruz bayramının qədim ənənələrindən danışan aparıcılar bu bayramın özünəməxsus xüsusiyyətlərindən söz açdılar. Bildirildi ki, Novruz zəngin tarixin, adət-ənənələrin, tarixi köklərin, milli-mənəvi dəyərlərin ifadəsi olan bayramdır və xalqımız neçə min illərdir ki, bu bayramı böyük coşqu ilə qeyd edir. El arasında həm də Bahar bayramı kimi qəbul edilən bu bayram özündə ancaq il dəyişməsini, yazın ölkəmizə basdığı qədəmləri deyil, həm də insanların içindəki humanizmi, sabahkı günə inamı ehtiva edir.
Tədbirdə iştirak edən universitetin rektoru professor Elxan Hüseynov çıxışında ilk olaraq tədbir iştirakçılarını salamladı, onları Novruz bayramı münasibətilə təbrik edərək bu bayramın bütün xalqımıza ruzi-bərəkət və firavanlıq gətirməsini arzuladı.
Bayramın özünəməxsus fəlsəfəsi barədə danışan rektor “Novruz”un həyatın yenilənməsi, dirçəlişin rəmzi olduğunu qeyd etdi. Novruz bayramının xalqımızın təhtəlşüurunda bolluq və bərəkətin, xeyirxahlığın təcəssümü kimi kök saldığını, bu bayramın insanları daim birliyə, sülhə və əmin-amanlığa səslədiyini qeyd edən professor Elxan Hüseynov bahar mərasimlərinin, adət-ənənələrin əsrlərin sınağından çıxaraq bu günə gəldiyini bildirdi. Xalqımızın sevə-sevə qeyd etdiyi bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bizi bir xalq olaraq birləşdirir, həmrəyliyə səsləyir. Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur. İnkarolunmaz faktdır ki, Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi, payı vardır. Sovet hakimiyyəti illərində Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız bu əziz bayramı həmişə qeyd etməyə can atmışdır. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə Sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır. Ümummilli Lider Azərbaycana rəhbərliyinin ikinci dönəmində həyata keçirdiyi dövlət quruculuğu prosesi ilə paralel olaraq, xalqımızın milli-mənəvi dəyərlərinə tam sahib çıxmasına çalışıb. Bu, xüsusilə Novruz bayramı ilə bağlı məsələlərdə də diqqəti cəlb edirdi. Ulu Öndər hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxar, azad və müstəqil xalqımızın Novruz sevinclərindən zövq alardı. Ümummilli Liderin bayram şənliklərində iştirakı, Kosa ilə yumurta döyüşdürməsi, Bahar qız ilə söhbətləri Novruz tədbirlərini daha da şənləndirir, insanların sevincinə səbəb olurdu. Hazırda bu ənənələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlət başçımızın hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. Parlaq Zəfərimizdən sonra artıq üçüncü ildir ki, azad edilmiş ərazilərimizdə bayram tonqalları qalanır, Novruz bayramı qeyd edilir.
Universitetin Novruz tonqalını alovlandıran rektor professor Elxan Hüseynov bayram münasibətilə bir daha kollektivi təbrik etdi və hər bir ailəyə ruzi-bərəkət, sevinc arzuladı.
Bayram tədbirində el ağsaqqalı Dədə Qorqud Novruzun gəlişi münasibətilə xeyir-dua verdi. Bayramın əsas personajları olan Bahar qız, Kosa və Keçəl öz maraqlı zarafatları ilə şənliyə xüsusi zövq qatdılar.
Fakültələrin hazırladıqları Novruz xonçaları sərgiləndi, milli mətbəximiz və geyimlərimiz, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələri nümayiş olundu.
Tədbirdə gənc ifaçı Pərviz Mahmudovun ifasında Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyevanın Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “Sənin əsərin” adlı şeirinə bəstələnmiş mahnı səsləndi.
Universitetin “Səma” rəqs qrupunun rəngarəng rəqsləri, respublikamızın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Mətbuat xidməti