Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Beynəlxalq Riyaziyyat Gününə həsr olunmuş Riyaziyyat üzrə fənn olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirildi
Yerləşdirilmə tarixi : 28 Mart 2023 15:20
SDU-da Beynəlxalq Riyaziyyat Gününə həsr olunmuş Riyaziyyat üzrə fənn olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirildi
Martın 28-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq Riyaziyyat Gününə həsr olunmuş Riyaziyyat üzrə fənn olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.
Görüşdə Riyaziyyat fakültəsinin dekanı dosent Xalidə Həsənova tədbir iştirakçılarını və olimpiada qaliblərini salamladı, olimpiadanın təşkil olunmasında göstərdikləri dəstəyə görə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynova və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbəri İlhamə Abdullayevaya öz minnətdarlığını bildirdi. O, Sumqayıt Dövlət Universitetinin son illərdə olimpiadalar və istedadlı uşaqlarla iş sahəsində həyata keçirdiyi tədbirlərdən söz açdı. Bildirdi ki, olimpiadanın keçirilməsində  məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 26 yanvar 2015-ci il tarixli Sərəncamına uyğun olaraq, “2015–2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nda yeniyetmələrdə erkən yaşlarında elmə maraq yaradılmasıdır. Dekan onu da qeyd etdi ki, ölkə başçısı fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatladı. Ölkəmizdə gənclər siyasətinin məqsədi gənclərin təhsil, demokratiya, insan hüquqları və qanunun aliliyi dəyərlərinə dəstək verən strategiya olaraq gənclərə insan hüquqlarını müdafiə edən və demokratik həyatda fəal və məsuliyyətli Azərbaycan vətəndaşları olmağa imkan verməkdir. Bu gün Azərbaycan gəncliyi cəmiyyətə inteqrasiya etməyə, həm vətəndaş cəmiyyətində, həm də əmək bazarında fəal rol oynamağa qadirdir. Bu gün gənclər universitetlərdə, məktəblərdə , startap biznesində, hökumət məsələlərinə fəal cəlb olunurlar. Bu istiqamətdə SDU-nun əsas hədəflərindən biri də elm və təhsilin vəhdətinə nail olmaq, qlobal səriştələrin mənimsənilməsi üçün bütün təhsil səviyyələrində müasir standartlara uyğun keyfiyyətli təhsili təmin etmək, dünya sənaye inqilabının yaratdığı real problemlərin həllinə yönəlmək, yüksək texnologiyalı sənayeni dəstəkləyən tədqiqatın keyfiyyətini artırmaq, davamlı olaraq innovasiyaları dəstəkləyərək, təhsilə və cəmiyyətə töhfə verməkdir.
Sonra Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri dosent Məftun Heydərova Riyaziyyat fənn olimpiadasının nəticələrinin təhlilinə dair təqdimatla çıxış etdi. Qeyd etdi ki, fənn olimpiadasına maraq ildən-ilə artır. 4 mart 2023-cü il tarixində keçirilən Riyaziyyat fənn olimpiadasına Sumqayıt şəhər ümumtəhsil məktəblərinin V ̶ IX siniflərində təhsil alan 200-dən çox şagird qatılıb. Olimpiadanın nəticələrinə görə, 3 nəfər I yer, 3 nəfər II yer və 11 nəfər III yer olmaqla, ümumilikdə 17 nəfər qalib elan edilib. O, olimpiada qaliblərini təbrik edərək onlara gələcək təhsillərində uğurlar arzu etdi.
Tədbirdə çıxış edən Riyaziyyat və onun tədrisi metodikası kafedrasının dosenti Mətləb Ağayarov olimpiada qaliblərini təbrik edərək bildirdi ki, olimpiada gənclərin dəqiq elmlərə marağının artırılması, istedadlı gənclərin aşkarlanması və onların peşə yönümünün istiqamətləndirilməsi məqsədilə təşkil olunmuşdur. Qeyd etdi ki, dövlətimiz tərəfindən bu sahədə islahatlara 2014-cü ildən başlanılıb və qısa müddətdə istedadlı uşaqların aşkara çıxarılması üçün bir sıra sistemli işlər görülmüşdür.
Sonda valideynlər universitet rəhbərliyinə dərin təşəkkürlərini ifadə edərək qeyd etdilər ki, belə yarışların keçirilməsi gələcəkdə şagirdlərin biliklərinin təkmilləşdirilməsinə böyük zəmin yaradacaq.
Sonda Riyaziyyat fənn olimpiadasında yüksək nəticə göstərmiş 17 şagirdə diplomlar təqdim olundu. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az