Noyabrın 10 - da Sumqayıt Dövlət Universitetində Azərbaycanın xalq şairi, dramaturq Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Vahabzadənin 90 illik yubileyi təntənə ilə qeyd olundu.
Tədbiri giriş sözü ilə Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov açaraq qeyd etdi ki, dövlətimizin başçısı cənab İlham Əliyevin Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam görkəmli şairin irsinə verilən qiymətin bariz nümunəsidir. Əvəzsiz şair və ədəbiyyatşünas, ictimai xadim, akademik Bəxtiyar Vahabzadə çağdaş Azərbaycan ədəbi-bədii, ictimai-siyasi həyatında tanınmış şəxsiyyətlərdən biri olub. Onun geniş və səmərəli bədii yaradıcılıq yolu, elmi, pedaqoji fəaliyyəti, müasir Azərbaycan ziyalılığının salnaməsinə ən qiymətli töhfələrini vermişdir.
Filologiya fakültəsinin dekan əvəzi, dosent Avtandil Ağbaba çıxışında bildirdi ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi.
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının professoru, dövlət mükafatı laureatı, əməkdar elm xadimi Məhərrəm Qasımlı, universitetimizin qocaman müəllimi, professor Həsən Sadıqov və professor Aslan Bayramov ölməz xalq şairimiz Bəxtiyar Vahabzadə ilə bağlı xoş xatirələrini dilə gətirərək qeyd etdilər ki, o, şair olmaqla yanaşı, həm də bir müəllim kimi könüllərdə sevgi qazanıb.
Filologiya fakültəsinin II kurs tələbəsi Vüsal Şəbizadə "Bəxtiyar Vahabzadə və Azərbaycan Filologiyasının aktual problemləri" mövzusunda keçirilən beynəlxalq konfransda çap olunmuş məqaləsində Bəxtiyar Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyindən söhbət açdı.
Onu da qeyd edək ki, dosent Avtandil Ağbabanın müəllifliyi ilə dərc olunmuş "Bəxtiyar Vahabzadə irsinin öyrədilməsi" müəllimlər üçün dərs vəsaiti şairimizin ruhuna dərin hörmət və ehtiramdır.
Yubiley tədbirində tələblərin ifasında şairin şeirlərindən və poemalarından parçalar səsləndirildi.
Mətbuat xidməti