Tarix və coğrafiya fakültəsində “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar tədbir keçirildi
Martın 29-da Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar tədbir keçirildi.
Tarix və coğrafiya fakültəsinin professor-müəllim və tələbə heyətinin iştirak etdikləri tədbirdə öncə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının, həmçinin Vətənimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev çıxış edərək erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törədilən soyqırımı siyasətindən danışaraq bildirdi ki, XX əsrdə Azərbaycan türklərinə qarşı törədilən bütün soyqırımları, o cümlədən 31 Mart soyqırımını xalqımız heç zaman unutmur, mənfur düşmənə qarşı mübarizə əzmini daha da artırmaqla, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz parlaq qələbələrə imza atır, torpaqlarımızı işğaldan azad etməklə, şəhidlərimizin, günahsız insanların, bütün soyqırımı qurbanlarının qanını yerdə qoymur. Qeyd etdi ki, 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, ümumilikdə bəşər tarixində ən qanlı cinayətlərdən biridir. Professor onu da qeyd etdi ki, o dövrdə Bakı şəhərində, eləcə də Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə məhv edilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri yerlə-yeksan edilmişdir. Hər il martın 31-də Azərbaycan xalqı bu kütləvi və amansız soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir. Ölkəmizdə və onun hüdudlarından kənarda anım mərasimləri keçirilir, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş soyqırımı və etnik təmizləmə siyasəti barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində xeyli işlər görülür.
Sonra Azərbaycan vəŞərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Samin Qocayev “31 mart 1918-ci il Bakıda soyqırımı”, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri Sona Məhərrəmova “Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası”, fakültənin tələbələri: Şənnur Abbasova “1918-ci ilin mart-aprel aylarında bölgələrdə ermənilər tərəfindən törədilən qırğınlar”, Hüriyyət Yazımova “1918-ci il soyqırımlarının tanıdılmasında Ulu Öndərin rolu” mövzusunda məruzə ilə çıxış etdilər. Azərbaycanlılara qarşı aparılmış soyqırımı siyasətinin tarixinə toxunaraq, bu barədə əsl həqiqətin Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırıldığını bildirdilər. Qeyd etdilər ki, xalqımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə ermənilərin törətdiyi soyqırımlarına verilən ən layiqli cavab oldu.
Mətbuat xidməti