SDU-da 31 Mart Soyqırımı ilə bağlı elmi-nəzəri konfrans keçirildi
Martın 30-da Sumqayıt Dövlət Universitetinin Kiçik Akt zalında “31 Mart 1918-ci il –Azərbaycan xalqının qan yaddaşıdır” mövzusunda elmi-nəzəri konfrans keçirildi.
Konfransdan əvvəl soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ehtiram sükutundan sonra 1918-ci ildə erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı Bakı şəhərində başladılan, bolşeviklərin siyasi və hərbi dəstəyi ilə Azərbaycanın Quba, Şamaxı, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər bölgələrində davam etdirilən soyqırımı ilə bağlı videomaterial nümayiş olundu.
Konfransı giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov XX-ci əsrin ikinci onilliyində daşnak-bolşevik tandeminin yaxından iştirakı ilə Azərbaycan xalqına qarşı həyata keçirilən qanlı tarixin xronologiyasını xatırlatdı. Mart soyqırımının 1828-ci ilin mart ayından regionda aparılan siyasətin nəticəsi olaraq meydana çıxdığını deyən professor Elxan Hüseynov 1905-1906-cı illərdə azərbaycanlılara qarşı tətbiq olunan qırğınları yada saldı: “Bakıda baş verənlər ondan 13 il əvvəl ermənilərin Zəngəzur, Naxçıvan və Qarabağda başlatdıqları repitisiyanın daha amansız davamı idi”.
“Azərbaycanlılara qarşı həyata keçirilən 31 Mart soyqırımında məqsəd dağılmış Çar Rusiyasının nəzarətində olan ərazilərdə-Xəzər dənizinin sahillərindən, az qala, Qara dənizə qədər uzanan coğrafiyada bir erməni dövlətinin yaradılmasını nəzərdə tuturdu”- deyən Elxan Hüseynov bolşevik Rusiyasının xeyir-duası ilə baş tutan bu cinayət nəticəsində on minlərlə insanın qətlə yetirildiyini bildirdi. Baş vermiş qanlı cinayətin başa çatdırılmasının yeni formalaşan Cümhuriyyət və ona yardıma gəlmiş Qafqaz İslam Ordusu tərəfindən qarşısının alındığını bildirən rektor bu hadisəyə 80 il sonra siyasi qiymət verildiyini söylədi. Ümummilli Lider, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın təkcə azərbaycanlılara deyil, insanlığa qarşı törədilən ağır cinayətə qarşı ilk hüquqi sənəd olduğunu bildirən Elxan Hüseynov ali dövlət sənədinin əhəmiyyətindən söz açdı. Prezident İlham Əliyevin 18 yanvar 2018-ci ildə imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın siyasi əhəmiyyəti barədə danışan professor Elxan Hüseynov bu sənədin 105 il əvvəl Azərbaycan xalqına qarşı törədilən cinayətin cavabsız qalmayacağının təsdiqi olduğunu bildirdi.
Daha sonra tarixi Azərbaycan torpaqları ərazisində yaradılan Ermənistan dövlətindən azərbaycanlıların deportasiyasını bu ərazilərdən etnik azərbaycanlıların təmizlənməsi siyasəti olduğunu bildirən rektor fikrini davam etdirdi: “İosif Stalinin birbaşa rəhbərliyi ilə baş tutan deportasiya daşnak qılıncı və gülləsinin başa çatdıra bilmədiyi əməllərin davamı idi və bu siyasəti 1988-1991-ci illərdə Mixail Qoqrbaçovun himayəsi altında sovet Ermənistanının rəhbərliyi başa çatdırdı”.
Bugünkü Ermənistan Respublikasından deportasiya olunmuş, ölüm təhdidi ilə qovulmuş soydaşlarımızın doğma torpaqlarına qayıdış arzusunu insanın ən elementar hüququ olduğunu deyən Elxan Hüseynov soydaşlarımızın bu arzularını gerçəkləşdirmək üçün təşkilatlandığını xatırlatdı: “İnanırıq ki, keçmiş məcburi köçkünlər kimi, qaçqın düşən soydaşlarımız da öz tarixi vətənlərində yaşamaq haqqına sahib olacaqlar. Bunu insanlarımızın istəyi, Azərbaycan dövlətinin gücü, Prezident İlham Əliyevin qətiyyəti və ali dəyərləri başlıca prinsipi elan edən beynəlxalq təşkilat və dövlətlərin ədalətinə inamımız deyir”.
Daha sonra elmi-nəzəri konfrans təqdim edilən məruzələrlə davam etdi. Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev “Ermənilərin tarixi Azərbaycan torpaqlarına ərazi iddiaları və azərbaycanlılara qarşı soyqırımı siyasətinin tarixi aspektləri, ” Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının assisstenti Nigar Qədirli “31 Mart 1918-ci il soyqırımı: Bakıda törədilən qırğınlar”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzayev “1918-ci ildə ermənilər tərəfindən Azərbaycanın bölgələrində törədilən qırğınlar”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov “Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası”, Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Yusifəli Həsənov “Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2018-ci il “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamlarının tarixi mahiyyəti haqqında” məruzələrini təqdim etdilər.
Çıxışlardan sonra elmi-praktik konfrans univeristetin rektoru professor Elxan Hüseynovun yekun nitqi ilə başa çatdı.
Mətbuat xidməti