SDU-nun Kimya və biologiya fakültəsində fənn olimpiadası keçirildi
Aprelin 3-də Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı fənn olimpiadası keçirildi.
Olimpiadanın açılışında fakültənin dekanı dosent Mahal Muradov çıxış edərək olimpiadanın əhəmiyyəti və məqsədindən söhbət açdı. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkənin dövlətçilik tarixində müstəsna xidmətlərindən söz açaraq, dünya şöhrətli siyasi xadimin hələ sağlığında canlı əfsanəyə çevrildiyini bildirdi. Ulu Öndər Heydər Əliyevin öz biliyi, qətiyyəti, güclü iradəsi, liderlik bacarığı ilə dünya liderlərindən seçildiyini deyən dekan, Ulu Öndər haqqında dünyanın tanınmış siyasətçilərinin söylədikləri dəyərli fikirləri səsləndirdi.Dosent Mahal Muradov qeyd etdi ki, gənc nəslin müasir tələblər zəminində təhsillənməsi, gənclərin bilik və intellektual səviyyəsinin yüksəldilməsi, onların gələcəkdə kamil mütəxəssis və ləyaqətli vətəndaşlar kimi yetişməsi Ulu Öndərimizi daim düşündürürdü və Azərbaycandan kənarda təhsil almağa göndərilən tələbələrlə görüşündə söylədiyi: “Siz bu əsrin axırıncı onilliklərində və gələn əsrin əvvəllərində işləyəcəksiniz. O zaman elmi-texniki tərəqqi üfüqlərinin necə cazibədar olacağını bu gün təsəvvür etmək mümkündür. Sabahkı gün sizə yeni, yüksək tələblər verəcəkdir. Əgər mütəxəssis, həqiqətən. yaradıcı şəxsiyyətdirsə, o, sadəcə olaraq, zamanla ayaqlaşmalı deyil, həmişə zamanı bir qədər qabaqlamalıdır. Bu isə o deməkdir ki, daim öyrənmək lazımdır, buna görə də bilik, bacarıq, vərdiş bünövrəsi möhkəm olmalıdır" ̶ fikri hazırkı dövrün tələbləri və müasir yanaşmalarla necə də həmahəng səslənir. Dekan Kimya və biologiya fənninin üstünlüklərindən danışaraq qeyd etdi ki, belə elmi olimpiadaların keçirilməsi tələbələrin mütəxəssis kimi yetişmələrində mühüm rol oynayır. Dosent çıxışının sonunda olimpiadanın işinə uğurlar arzuladı.Daha sonra yarışa start verildi. Olimpiada iki mərhələdə keçirildi.Gərgin keçən mübarizə şəraitində komissiyanın qərarı ilə topladıqları ballara görə Kimya fənni üzrə 352-ci qrup tələbəsi Fatimə Sadıxova 100 bal, 351-ci qrup tələbəsi İlahə Mirzəağayeva 60 bal, 323b qrup tələbəsi Əfsanə Əsgərova 58 bal, Biologiya fənni üzrə 348-ci qrup tələbəsi Ülkər Qəmbərzadə 56 bal, 345-ci qrup tələbəsi Ləman Hüseynova 50 bal, 353-cü qrup tələbəsi Türkan Zülfüqar isə 42 bal toplayaraq qalib oldular.Sonda qaliblər diplom və medallarla təltif olundular.Mətbuat xidməti