SDU-da Aprel döyüşlərinin 7-ci ildönümü qeyd edildi
Universitetin fakültələrində Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin növbəti ildönümünə həsr olunmuş “Aprel Zəfəri” adlı silsilə tədbirlər keçirilir.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan bütün tədbirlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Nümayiş olunan videoçarxların hər birinin leytmotivində torpaqlarımızın işğaldan azad edilməsi yolunda Azərbaycan əsgərinin keçdiyi çətin və şərəfli yol, müasir Silahlı Qüvvələrimizin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu strategiyası, Ali Baş Komandan, Prezident İlham Əliyevin bugünkü Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsində rolu, sərkərdəlik qabiliyyəti və diplomatik məharəti dayanırdı.
Keçirilən tədbirlərdə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayan, gələcək qələbələrimizin əsasını qoyan dördgünlük müharibədən, bu müharibədə hərbçilərimizin göstərdiyi şücaətdən söhbət açıldı. Aprel döyüşlərinin nəticəsi olaraq Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklərin, Qazaxlar və Suqovuşan kəndləri istiqamətindəki yolların, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı ərazilərinin, Goranboy rayonu Gülüstan kəndinin düşməndən azad olunmasının strateji əhəmiyyəti qeyd edildi.
“Aprel döyüşlərində Azərbaycanın qələbəsi Ermənistan ordusu barədə yayılan və havadarları tərəfindən təbliğ edilən mifi dağıtdı və ordumuzun xalqla birliyinin təcəssümünə çevrildi” ̶ fikirləri çıxışların əksəriyyətinin ana xəttində dururdu. Bunlardan əlavə, dünya ictimaiyyətinin diqqətinə uzun illərdən bəri davam edən işğal faktına Azərbaycan dövlətinin hərbi yolla son qoya bilmək gücündə olduğu çatdırılır və qarşı tərəfə ədalətli sülh çağırışları edilirdi.
“Dördgünlük Aprel döyüşləri 2020-ci ilin 44 günlük Vətən müharibəsinin baş məşqi kimi tarixə düşəcək” ̶ deyən çıxışçılar hər iki müharibə zamanı qazanılan qələbələrdə xalqımızın iradəsi, hərbçilərimizin şücaəti və Ali Baş Komandanın sərkərdəlik məharəti, dövlətçilik təcrübəsini xüsusi olaraq vurğuladılar.
Çıxışçılar: fakültə dekanları, müəllim və tələbələr Azərbaycan xalqının, xüsusilə onun gələcəyi olan gəncliyimizin qazanılan tarixi qələbələrdə xidməti olan şəhid və qazilərimizin ən yaxşı örnək olduğunu dönə-dönə qeyd edib, qazanılan möhtəşəm qələbələrin gələcək nəsillər üçün ən qiymətli hədiyyə olduğunu xatırlatdılar.
Mətbuat xidməti