Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da mediasiya ilə bağlı maarifləndirici tədbir keçirildi
Yerləşdirilmə tarixi : 05 Aprel 2023 14:41
SDU-da mediasiya ilə bağlı maarifləndirici tədbir keçirildi
Aprelin 5-də Sumqayıt Dövlət Universiteti və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə “Daha yaxşı kommunikasiya üçün mediasiyanın effektivliyindən necə istifadə edə bilərik” mövzusunda tədbir oldu.
Tədbirdə Sumqayıt Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti ilə yanaşı, Mediasiya Şurasının üzvləri: Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Həsənov və həmin təşkilatın mediatoru Elçin Hüseynov iştirak etdilər.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov tədbiri açaraq qonaqları və iştirakçıları salamladı. Tədbirin aktuallığını qeyd edən prorektor ali təhsil müəssisəsi tələbələrinin mübahisəli məsələlərin alternativ həlli yolu ilə bağlı biliklərinin artırılmasının əhəmiyyətini, bu istiqamətdə əməkdaşlığın vacibliyini vurğuladı. Azərbaycanda mediasiya sahəsində qanunvericilik bazasının yaradıldığnı, lakin buna baxmayaraq, onun cəmiyyətimizdə populyarlaşması istiqamətində islahatların davam etdirildiyini qeyd edən Elmar Xəlilov bunun tələbələr arasında təbliğinin əhəmiyyətindən danışdı.
Məsələ ilə bağlı SDU-nun baş hüquqşünası dosent Əminə Həsənova məruzə etdi. Məruzəçi, ilk olaraq, sosial leksikonumuza yeni daxil olan mediasiya barədə ətraflı məlumat verdi. Mediasiyanın mübahisələrin məhkəməyəqədərki həll yolu olduğunu bildirən Əminə Həsənova bunu mediasiya zamanı tərəflərin mediatorun (vasitəçinin) köməyi ilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanmaqla, öz mövqeyini yenidən qiymətləndirmək və barışıq imkanları qazanmaq fürsəti kimi dəyərləndərdi. Mediasiya proseslərində tərəflərin mübahisəni həll etmələri ehtimalının 85%-dən yüksək olduğunu qeyd edərək, bu istiqamətdə ölkəmizdə hüquqi bazanın yaradıldığını bildirdi.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli Fərmanı, 2019-cu ilin martında “Mediasiya haqqında" Qanun qəbul edildiyini xatırladan baş hüquqşünas Nazirlər Kabinetinin bu xüsusda “Mediasiya prosesinin aparılması qaydaları” haqqında qərar qəbul etdiyini bildirdi. Ölkəmizdə mediasiya prosesinin rəsmi tətbiqinə 2021-ci ilin iyulundan başlanıldığını qeyd edən natiq görüşdə əsas məqsədin gənclərin mediasiya və onun önəmi ilə bağlı məlumatlılığının artırılması olduğunu diqqətə çatdırdı.
Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Həsənov və həmin təşkilatın mediatoru Elçin Hüseynov “Daha yaxşı kommunikasiya üçün mediasiyanın effektivliyindən necə istifadə edə bilərik” mövzusunda çıxış etdilər. “Cəmiyyət mediasiya dövrünün adaptasiya mərhələsini yaşayır” ̶ deyən Etibar Həsənov mediasiyanın populyarlaşması üçün maarifləndirmə işinin vacibliyini vurğulayaraq, bu işdə xüsusilə gənclərin oynaya biləcəyi rol barədə danışdı. Beynəlxalq təşkilatların dəstəyi ilə qabaqcıl dünya təcrübəsinə uyğun tənzimləməni özündə ehtiva edən Azərbaycan mediasiyasının normativ-hüquqi bazasının yarandığını qeyd edən natiq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun iki il əvvəl qüvvəyə mindiyini, digər qanunvericilik aktlarına müvafiq dəyişikliklər olunduğunu nəzərə çatdırdı.
1 saylı Mediasiya Təşkilatının mediatoru Elçin Hüseynov çıxışında istənilən mübahisə predmeti olan məsələnin məhkəməyəqədərki həllində mediasiya təcrübəsinin sivil cəmiyyətlərdə aktuallığını vurğulayaraq, bunun ölkəmizdə də adi normaya çevrilməyini insanlarımızın maariflənməsi ilə əlaqələndirdi. O, mediasiyanın mülki, kommersiya, ailə, əmək, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə aparıldığını qeyd edərək, iştirakçılara bu vasitənin cəmiyyətimizdə populyarlaşması üçün oynaya biləcəyi rolu qeyd etdi.
Sonda tələbələrin mediasiyanın əlçatanlığı, rüsumlar, nikah müqaviləsinin bağlanılması, vərəsəlik hüququ, alimentlərin verilməsi və digər mövzular barədə sualları cavablandırıldı, onların mediasiya ilə bağlı təklifləri dinlənildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az