SDU-da “Sağlam gələcək üçün zərərli vərdişlərə yox deyək” adlı maarifləndirici tədbir keçirildi
Aprelin 10-da Sumqayıt Dövlət Universitetində gənclər arasında müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsinə həsr olunmuş “Sağlam gələcək üçün zərərli vərdişlərə yox deyək” adlı maarifləndirici tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov narkotik vasitələrin daha çox gənclər arasında sürətlə yayılması təhlükəsinin qarşısının alınması üçün maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdı.
Prorektor Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək imzalamış olduğu Fərmanları xüsusi olaraq qeyd etdi. Bildirdi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu istiqamətdə mübarizəni davam etdirir. Aparılan uğurlu siyasətin nəticəsi olaraq son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyi, bu sahəyə cavabdeh olan dövlət orqanlarında fəallığın artırıldığını vurğuladı. Həmçinin tələbələri sağlam həyat tərzi keçirməyə, kitablardan, filmlərdən, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, zərərli vərdişlərdən uzaq olmağa səslədi.
Daha sonra dünyada tüğyan edən narkomaniya bəlasının dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş olundu.
Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının müdiri Tahir Xəlilov çıxışında narkomaniya bəlasının bütün cəmiyyətlər üçün ən böyük təhdid olduğunu xatırlatdı və ona qarşı mübarizədən əvvəl, profilaktik tədbirlər görülməsinin vacibliyini qeyd etdi və narkomaniyanın onun yayıldığı ölkə üçün elan olunmamış müharibə olduğunu diqqətə çatdırdı. Həmçinin kafedra müdiri bu müharibənin dayandırılması üçün hər birimizin, xüsusilə gəncliyin vətəndaş mövqeyi göstərməli olduğunu xatırlatdı: “Narkomaniyaya tərəf atılan ilk addımın ölümün astanasına atıldığını hər birimiz unutmamalıyıq”.
Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının baş müəllimi Gülnarə Ələkbərli “Narkomaniya tibbi və sosial bəladır” mövzusunda geniş məruzə etdi. Artıq “ağ ölüm” kimi az qala bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çoxlu sayda insanın ölümünə, ailələrin faciə ilə üzbəüz qalmasına səbəb olur. Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir. Bu bəla ilə mübarizə etmək o qədər də asan deyil. Narkomaniya əsasən gənclik dövründə başlanır və bir çox hallarda elə gənclik dövründə də narkotik aludəçisinin ölümü ilə nəticələnir. Narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından istifadə edilməli, gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadları haqqında, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə məlumatlar verilməlidir.
“Zərərli vərdişlərə yox deyək” qrant layihəsinin qalibi, Kimya və biologiya fakültəsinin tələbəsi Anar Gülərli “Narkomaniya və Gənclik” mövzusunda çıxış etdi. Cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın yaratdığı təhlükələr və fəsadlar barədə geniş məlumat verdi.
Sonda gəncləri maraqlandıran suallar cavablandırıldı, mövzu ətrafında diskussiya aparıldı.
Mətbuat xidməti