SDU-da “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” mövzusunda elmi-praktiki seminar keçirilib
Aprelin 12-də Sumqayıt Dövlət Universitetinin Kiçik Akt zalında Kimya və biologiya fakültəsinin Ekologiya kafedrasının təşkilatçılığı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” mövzusunda elmi-praktiki seminar keçirilib.
Seminarda SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA - nın müxbir üzvü, professor Əlövsət Quliyev və İnstitutun bir qrup əməkdaşı, "Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini Elnur Nəsirov və İnstitutun bir qrup əməkdaşı, “Sumqayıt Sukanal” İdarəsinin rəis müavini Mahir Imanov,Azərbaycan Elmi -Tədqiqat Su Problemləri İnstitutunun şöbə müdiri Hamlet Fəttayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı regional idarəsinin rəis müavini Emin Əliələkbərov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı regional idarəsinin şöbə müdri Ərşad Qurbanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı regional idarəsinin baş mütəxəssisi Asəf Bayramov, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin Ekologiya və Turizm şöbəsinin müdiri Sevinc Məhərrəmova, həmin Mərkəzin şöbə müdiri İradə Babayeva, SDU-nun Kimya və biologiya fakültəsinin professor-müəllim heyəti, magistrant və tələbələri iştirak edib.
Seminarı giriş sözü ilə açan SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov qonaqları və iştirakçıları salamlayıb, mövzunun aktuallığından bəhs edib. Son illərdə ölkəmizdə sudan səmərəli istifadənin səmərəliliyinin artırılması, əkinəyararlı torpaq sahələrinin genişləndirilməsi və suvarma suyu ilə təminatın yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələrin həyata keçirilməsi barədə danışıb. Bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə yeni institutların yaradılması və şəbəkə infrastrukturunun genişləndirilməsi istiqamətində iri layihələr icra edildiyini bildirən pororektor nəticədə məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sisteminin əhəmiyyətli dərəcədə yaxşılaşaraq müasirləşdiyini qeyd edib. İşğal altında olmuş ərazilərimizdə su ehtiyatlarının zəngin olmasını vurğulayan professor Azərbaycan Ordusu tərəfindən azad olunmuş Suqovuşan su anbarının suvarma suyu ilə təminatının yaxşılaşdırılacağını bildirib.
Sonra Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru Əlövsət Quliyev ”Azərbaycanda su ehtiyatlarından istifadə, qədim su mənbələri - kəhrizlər”, "Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini b.f.d. Elnur Nəsirov, “Azərbaycanın gələcək su problemləri və həlli yolları”, “Sumqayıt Sukanal” idarəsinin rəis müavini Mahir İmanov “Sumqayıt şəhərinin su təchizatı”, Azərbaycan Elmi - Tədqiqat Su Problemləri İnstitutunun şöbə müdiri Hamlet Fəttayev “Qlobal iqlim dəyişmələrinin Azərbaycanın su ehtiyatlarına təsiri”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı regional idarəsinin baş mütəxəssisi Asəf Bayramov “Sumqayıt şəhərinin ekoloji durumu”, SDU Ekologiya kafedrasının müdiri dosent Rəhilə Əhmədova “Ekoloji maarifləndirmədə tədrisin rolu”, Kimya və biologiya fakültəsinin tələbəsi Günel Axundova “Gənclərin ekoloji aksiyalarda iştirakı” adlı məruzələr ediblər. Məruzələrdə qeyd edilib ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi Prezident İlham Əliyev tərəfindən hökumət qarşısında strateji vəzifə kimi qoyulub, əhalinin ərzaq təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülüb, əsas ərzaq məhsullarının ehtiyatı yaradılıb. Eyni zamanda, ölkədə su probleminin həllinin hökumət qarşısında duran ən mühüm vəzifələrdən biri olduğu qeyd edilən məruzələrdə su ehtiyatlarından səmərəli istifadə ilə bağlı komissiya yaradıldığı vurğulanıb. Əhalinin içməli su təchizatının yaxşılaşdırılması tədbirləri paytaxt Bakı şəhəri ilə yanaşı, Azərbaycanın bütün bölgələrində həyata keçirilir: sugötürücü sistemlər yenilənir, sutəmizləyici qurğular, iritutumlu su anbarları tikilir, magistral və şəbəkə su və kanalizasiya xətləri çəkilir, çirkab sutəmizləyici qurğular yaradılır, işğaldan azad olunmuş ərazilərimizdəki su ehtiyatları Azərbaycanın su imkanlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır.
Diqqətə çatdırıblar ki, bütün bunlarla belə, suyun strateji əhəmiyyəti, ona qənaət istiqamətində maarifləndirici işin aparılması həmişə aktualdır və keçirilən tədbirin təşkilatçılarına, xüsusən universitetin rektoru professor Elxan Hüseynova təşəkkür ifadə edilib.
Seminarın sonunda tələbələrin çoxsaylı sualları cavablandırılıb.
Mətbuat xidməti