Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Azərbaycanda dövlət müstəqilliyinin bərpası və ölkənin siyasi, sosial-iqtisadi, mədəni inkişafı” mövzusunda onlayn formatda Beynəlxalq elmi konfrans başladı
Yerləşdirilmə tarixi : 13 Aprel 2023 14:10
SDU-da “Azərbaycanda dövlət müstəqilliyinin bərpası və ölkənin siyasi, sosial-iqtisadi, mədəni inkişafı” mövzusunda onlayn formatda Beynəlxalq elmi konfrans başladı
Aprelin 13-də Sumqayıt Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr olunmuş “Azərbaycanda dövlət müstəqilliyinin bərpası və ölkənin siyasi, sosial-iqtisadi, mədəni inkişafı” mövzusunda onlayn formatda Beynəlxalq elmi konfrans başladı.
Konfransda Azərbaycan universitetləri ilə yanaşı, Türkiyə, Rusiya, Estoniya, Ukrayna, Almaniya və Qazaxıstanın aparıcı universitetlərinin alimləri iştirak etdilər.
Konfransın açılışında Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransın plenar iclasını giriş sözü ilə açan SDU-nun prorektoru professor Ramazan Məmmədov qonaqları və iştirakçıları salamladı, qeyd etdi ki, bugünkü konfransa dünyanın 7 ölkəsindən 182 məruzə daxil edilmişdir.  Professor Ramazan MəmmədovAzərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışdı. Bildirdi ki, 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqilliyin, suverenliyin qorunması, ölkədə ictimai-siyasi sabitliyin bərpa edilməsi mümkün olmuşdur. Azərbaycanda elə bir sahə yox idi ki, diqqətdən kənar qalsın. Aparılan bütün islahatlar xalqın milli düşüncə tərzinin, vahid azərbaycançılıq ideologiyasının inkişafına zəmin yaratdı. Xalqımız öz dahi rəhbərinin ətrafında sıx birləşməklə möhkəm iradə nümayiş etdirdi və bütün sınaqlardan üzüağ çıxmağı bacardı. Prorektor onu da vurğuladı ki, Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ən başlıcası, Heydər Əliyev irsi, dahi rəhbərin ölməz ideyaları insanların şüuruna möhkəm həkk edilib. Çıxışının sonunda konfransın işinə uğurlar arzulayan prorektor onun əhəmiyyətini yüksək dəyərləndirdi.
Sonra SDU-nun Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev “Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarıdır” mövzusunda geniş məruzə etdi. Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın dünyanın inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gün-gündən artan dövlətə çevrildiyini, yeni iqtisadi uğurlara imza atdığını qeyd etdi. Bildirdi ki, Heydər Əliyevin ölkənin müasir tarixində ən böyük xidmətlərindən biri onun Azərbaycanın intibahının əsasını qoymasıdır. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunub-saxlanılması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır.
Professor Adil Baxşəliyev onu da qeyd etdi ki, 1987-ci il ildə Heydər Əliyev SSRİ rəhbərliyində tutduğu yüksək vəzifədən uzaqlaşdırıldıqdan sonra ermənilərin cinayətkar niyyətləri reallaşdı.1987-ci ildən etibarən Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların məcburi şəkildə çıxardılması prosesi başladı ki, bu da 1991-ci ilədək davam etdi. Erməni millətçilərinin şovinist siyasəti bütün XIX ̶ XX əsrlər boyu mərhələ-mərhələ davam etmiş, deportasiyalar və soyqırımları nəticəsində yüzminlərlə dinc azərbaycanlı amansızcasına məhv edilmişdir. Ulu Öndər Heydər Əliyevin 1997-ci il dekabrın 18-də imzaladığı "1948 ̶ 1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" Fərman bu istiqamətdə verilən ilk hüquqi sənəddir. Azərbaycanın siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə etdiyindən söhbət açan dekan Ermənistanın 30 ilə yaxın sürən işğal siyasətinə Prezident İlham Əliyevin rəhbərliyi ilə son qoyulduğunu və  Azərbaycanın regionda əbədi sülhə can atdığını diqqətə çatdırdı.
Sonra Türkiyə Respublikasının Zonquldak Bülent Ecevit Universitetinin professoru Nurettin Hatunoğlu “Türk Dünyası açısından Azərbaycanın önemi”, T. K. Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının professoru, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki Mendıqanım Şaymerdenova “Heydər Əliyevin hakimiyyəti dövründə Qazaxıstan və Azərbaycan arasında tarixi və mədəni əməkdaşlıq”, SDU-nun Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Heydər Əliyev və Azərbaycan neft strategiyasının tarixi” mövzularında geniş məruzə etdilər. Məruzəçilər görkəmli siyasi xadim Heydər Əliyevin dövlət quruculuğu, daxili və xarici siyasət istiqamətindəki fəaliyyətindən danışaraq qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyev ölkə iqtisadiyyatını dirçəldib, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirib, respublikanın inkişafına hesablanmış neçə-neçə iri layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoyub. Bu gün Azərbaycanda ayrı-ayrı sahələrin inkişafında Heydər Əliyevin nişanələri, müəyyənləşdirdiyi siyasət özünü göstərir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, dəyərlər, strategiya Azərbaycan xalqına xidmət edir. Məruzəçilər onu da vurğuladılar ki, qazanılan nəticələr ölkəmizin, bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır.
Qeyd edək ki, konfrans öz işini 3 bölmə üzrə iki gün davam etdirəcəkdir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az