Noyabrın 10-da Heydər Əliyev Mərkəzində ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələrdən ibarət komandaların iştirak ilə "Heydər Əliyev və Azərbaycan tarixi" adlı II Ümumrespublika Bilik Yarışı keçirildi.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği, eyni zamanda gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.
Ümumilikdə 47 komandanın mübarizə apardığı yarış 3 turda keçirilib və turun hər birində 12 sual səsləndirilib. Suallar Ulu Öndər Heydər Əliyevin uşaqlıq və gənclik, dövlət təhlükəsizlik orqanlarında və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışdığı illər, siyasi fəaliyyətinin Moskva və Naxçıvan dövrü, eləcə də Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərlə bağlı mövzuları əhatə edib.
Yarışda Sumqayıt Dövlət Universitetini Tarix və coğrafiya fakültəsinin 8 tələbəsindən ibarət komanda təmsil etmişdir. Universitetimizin komandasını Humanitar məsələlər üzrə prorektor, dosent Nizami Namazov, Tarix və coğrafiya fakültəsinin dekan müavini Osman Hacıyev, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev müşayət etmişlər. SDU-nun komandası yarış ərzində səsləndirilən 36 sualdan 30 suala düzgün cavab verməklə 47 ali təhsil müəssisəsi arasında 5-ci yerə layiq görülmüşdür.
Bu məqsədlə də noyabrın 11-də fakültənin dekanı, professor Adil Baxşəliyev qalib tələbələri qəbul etdi və bildirdi ki, bu yarışlar tələbələrə Heydər Əliyev irsi haqqında ətraflı məlumat əldə etmək imkanı verir. Sevindirici haldır ki, tələbələrimiz ulu öndərin dövlətçiliyimiz qarşısında tarixi xidmətlərini öyrənməyə daha çox meyillidirlər. Bu da ondan irəli gəlir ki, universitetimizin Heydər Əliyev Mərkəzində "Heydər Əliyev Məktəbi" fəaliyyət göstərir. Burada mütəmadi olaraq professor-müəllim heyəti tərəfindən mühazirələr keçirilməsi bu günki qalibiyyətin nəticəsi hesab edirəm.Ulu öndər elə bir dahi şəxsiyyətdir ki, onun siyasi fəaliyyəti ilə bağlı saatlarla danışmaq, bizə bəxş etdiyi müstəqillik haqqında qalın-qalın kitablar yazmaq belə azdır. Ulu öndərin təhsilimizə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün siz gənclər universitetimizdə yüksək səviyyəli təhsil almaq üçün hərtərəfli şəraitlə təmin olunmusunuz. Bu da sizə imkan verir ki, ölkəmizi dünyanın istənilən nöqtəsində layiqincə təmsil edəsiniz.
Sonda tələbələr yarışlar bağlı təəssüratlarını bölüşdülər.
Mətbuat xidməti