Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” adlı tədbir keçirildi
Yerləşdirilmə tarixi : 20 Aprel 2023 17:00
SDU-da “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” adlı tədbir keçirildi
Aprelin 20-də Sumqayıt Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr olunmuş “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” adlı növbəti tədbir keçirildi.
Tədbirdə SDU-nun professor-müəllim heyəti ilə yanaşı, bir qrup əcnəbi və yerli tələbələr iştirak etdilər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq iştirakçıları salamladı və tədbirin əhəmiyyətindən bəhs etdi.
Prorektor Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışdı. O, bildirdi ki, müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə türk dünyasını əhatə edir. Böyük tarixi şəxsiyyətin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr elmi-nəzəri mükəmməlliyi ilə yanaşı, praktik perspektivliliyi ilə də böyük tarixi əhəmiyyətə malikdir.
Prorektor Elmar Xəlilov Vətən müharibəsində şanlı qələbəmizin əsasını təşkil edən xalq-iqtidar birliyinin təməlinin məhz Ulu Öndərin hakimiyyəti illərində qoyulduğunu vurğulayaraq qeyd etdi ki, Ulu Öndərimizin axıra çatdırmaq istədiyi ən taleyüklü məsələ doğma torpaqlarımızın azad edilməsi idi. Müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirən möhtərəm Prezidentimiz, yenilməz sərkərdəmiz İlham Əliyev Müzəffər ordusu, məğrur xalqı ilə birlikdə 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbə ilə xalqımızın başını dünya durduqca uca, Ulu Öndərimizin müqəddəs ruhunu əbədi olaraq şad etdi.      
Sonra Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda geniş məruzə etdi. Prorektor Ulu Öndər Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyətindən danışdı, onun ölkənin xarici siyasətinin bütün əsas istiqamətlərini müəyyənləşdirməsindən, tövsiyələri və tapşırıqları əsasında xarici siyasətdə bir-birinin ardınca uğurlar əldə edilməsindən bəhs etdi.
Prorektor Qafar Atayev onu da vurğuladı ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Azərbaycan və Türkiyə yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Bu gün işğaldan azad olunan qədim yurd yerlərimizdə aparılan çoxşaxəli tikinti-quruculuq işlərində qardaş Türkiyə ölkəmizə yaxından dəstək olur. Burada aparılan genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, təməlqoyma və açılış mərasimlərində Prezident İlham Əliyevlə bərabər, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir. Bu tarixi hadisələr Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, tarixdə əbədi olaraq qalacaq.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.
Daha sonra Universitetin Filologiya fakültəsinin I kurs tələbəsi, Türkiyə vətəndaşı Dilşah Can “Heydər Əliyev və Türk dünyası”, Hazırlıq qrupunun tələbəsi, Pakistan vətəndaşı Mariya Manzoor “Heydər Əliyevin dünya siyasətindəki yeri”mövzusunda çıxış etdilər.
Qeyd etdilər ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
  
Mətbuat xidməti
 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az